Əmirov Məşədi Cəmil Əmiraslan oğlu (1875-1928)

tarzən, müğənni, bəstəkar, dirijor. İlk təhsilini mədrəsədə almış, sonralar tar çalmağı öyrənmişdir. Onun bir musiqiçi kimi yetişməsində Mirmöhsün Nəvvabın musiqi məclisinin böyük təsiri olmuşdur.

Bir müddət Qarabağ, Şəki, Şirvanın toy məclislərində iştirak etmiş, 1907-ci ildə Gəncəyə köçmüşdür. Burda o, qarmon, kamança, skripka və pianoda çalmağı da öyrənmişdir. Gəncədə məşhur xanəndələr Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, Seyid Şuşinskini, Bülbülü tarda müşayiət etmiş, bəzən özü də məclislərdə oxumuşdur. 1910-cu ildə Riqanın “Qrammofon” şirkətində Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi bir sıra muğam və mahnılar qrammofon valına yazılmışdır. İstedadlı xanəndə Şuşa, Gəncə, Tiflis və İrəvanda göstərilmiş opera tamaşalarında Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”), Qərib (“Aşıq Qərib”) rollarını oynamışdır. 1911-1912-ci illərdə İstanbulda musiqi təhsili almış, not savadına yiyələnmiş, Avropa musiqisi ilə yaxından tanış olmuşdur. Eyni zamanda o, burda verdiyi konsertlərdə klassik Azərbaycan muğam və təsniflərini oxumuş, tarda solo çalmış, İstanbul musiqi ictimaiyyəti qarşısında Qafqaz musiqisini nümayiş etdirmiş, dəfələrlə məruzə etmiş, Azərbaycan musiqisi tarixində ilk dəfə “Heyratı” muğamını nota salmış və çap etdirmişdir. İstanbulda ud çalmağı da öyrənmiş, bu aləti özü ilə Azərbaycana gətirmişdir. Məşədi Cəmil Əmirov “Seyfəl-mülk” operasının (1915) və “Namuslu qız” musiqili dramının (1923) müəllifidir. O, Sovet hakimiyyətinin ilk illərində mədəni quruculuq işlərində fəal iştirak etmiş, Gəncədə musiqi məktəbi təşkil edərək (1923) ömrünün sonunadək burda direktor və müəllim işləmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>