Şuşa birincilər şəhəri

Azərbaycanın Rusiya ilə birləşdirilməsindən sonra bir-birinin ardınca müxtəlif tipli dünyəvi məktəblər meydana gəlib. Həmin məktəblərin birincisi təbiətin füsunkar guşəsi Şuşada həyata vəsiqə alıb. Çar hökuməti Zaqafqaziyada dövlət məktəblərini açmazdan əvvəl onun Nizamnaməsini hazırlayaraq 1829-cu il avqust ayının 2-də təsdiq edib. Həmin Nizamnamənin nəzərdə tutduğu şəhərlərdən birinci olaraq Şuşada qəza məktəbi təsis edilib. O zaman yerli əhalinin dünyəvi təhsil verən məktəb açmaq səyi və Şuşanın iqtisadi tərəqqisi ona bu sahədə birincilik qazandırıb. Azərbaycan ərazisində ilk qəza məktəbinin təntənəli açılışı 1830-cu il dekabr ayının 30-da Şuşada olub. Beləliklə, Azərbaycanda ilk dövlət məktəbi sisteminin bünövrəsi qoyulub.

Şuşa qəza məktəbi dünyəvi təhsil verən məktəblərin qaranquşu olub. Şuşada qəza məktəbi Azərbaycanda ilkin olaraq yaradıldığı kimi, fəaliyyət göstərdiyi bütün illərdə təlim-təhsil keyfiyyətinə görə də birinci yerdə gedib. Lakin, o dövrdə böyük maraqla açılan bu və digər qəza məktəbləri az keçməmiş verdiyi təhsilin səthiliyi ilə diqqəti cəlb edib. Hökumət yeni Nizamnamə ilə maarif sahəsində təkmilləşdirmə işi aparmağı lazım bilib. Beləliklə də 1835-ci il may ayının 12-də Zaqafqaziya məktəblərinin ikinci Nizamnaməsi təsdiq edilib. Bu Nizamnamədə Azərbaycan üzrə 4 qəza məktəbini, o cümlədən Şuşa qəza məktəbini təkmilləşdirmək nəzərdə tutulub. Şuşa qəza məktəbi yeni Nizamnamə ilə işləməyə başlayıb. İkinci və üçüncü siniflərdə rus dilinin qrammatikası, coğrafiya, tarix, hesab, Azərbaycan dili, hüsnxətt, rəsm fənləri tədris edilib. Azərbaycan dili ruslar üçün də məcburi fənn kimi həftədə 6 saat keçilib.

Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildən etibarən Zaqafqaziyada şəhər məktəblərinin qaranquşu olub, Şuşa şəhər məktəbinə çevrilib. Bu təhsil ocağı 1933-cü ildə Şuşa yeddiillik nümunə məktəbinə, 1937-38-ci dərs ilindən isə 1 nömrəli şəhər orta məktəbinə çevrilib. 1939-40-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olub. 1982-ci ildə isə bu qocaman təhsil müəssisəsi 150 yaşını qeyd edib. Beləki, ümummilli lider Heydər Əliyev uzaqgörənliklə 1982-ci il yanvar ayının 12-də Şuşa şəhər 1 nömrəli orta məktəbin 150 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Bürosunun qərarını imzalayıb ki, bu qərar əsasında da məktəbin yubileyi təntənəli şəkildə keçirilib. Olduqca əlamətdar hadisədir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 illik yubileyi 2010 ildə qeyd olundu.

Məktəbin məzunlarının fəaliyyət dairəsi geniş olub. Belə ki bu məktəbin məzunları Bakıda, Moskvada, Kiyevdə və digər şəhərlərin elmi laboratoriyalarında çalışırlar. Şuşa şəhəri 1 saylı orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayına kimi Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirib. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, 2 linqfon kabineti, maşınşünaslıq kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, zəngin kitabxana, geniş idman zalı, akt zalı, yeməkxana və sair fəaliyyət göstərib. Ötən əsrin 80-ci illərində Şuşa şəhər orta məktəbini bitirən gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri isə gümüş medala layiq görülüb. Şəhərin ermənilər tərəfindən işğal edilməsindən sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşıblar. Sonradan Şuşadakı bu və digər məktəblərin şagirdləri, eləcə də müəllimləri arasında təşkilati işlər aparılıb. Nəticədə, Şuşa şəhəri 1 saylı orta məktəbi 1992-ci ildən etibarən Bakı şəhəri Yasamal rayonu 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərib.

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012