Şuşa şəhərinin təşəkkül mərhələləri və əhalisi

Pənahəli xanın vəfatından sonra onun oğlu, Qarabağın ikinci hakimi İbrahimxəlil xan (1721-1806) dövrünün bacarıqlı və siyasətcil dövlət xadimlərindən olmuşdur. Onun hakimiyyəti illərində xanlıq daha da güclənmiş və inkişaf etmişdir. Pənahəli xan və İbrahimxəlil xan Qarabağın paytaxtı Şuşa şəhərini qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə inkişaf etdirmişdilər. Şəhər on yeddi əsas məhəlləyə bölünmüşdü:

  • Böyük qurdlar
  • Kiçik qurdlar
  • Seyidli
  • Culfalar
  • Təzə məhəllə
  • Hamamqabağı
  • Dəmirçilər
  • Quyuluq
  • Xocamircanlı
  • Mamayı
  • Saatlı
  • Köçərli
  • Merdinli
  • Çölqala
  • Hacı Yusifli
  • Çuxur məhəllə
  • Ağadədəli

Bu məhəllələr son dövrlərə qədər qalmışlır.

Şuşanın  şəhər kimi inkişafını şərti olaraq üç mərhələyə bölmək olar: Birinci mərhələ qeyri-sabit şəraitdə 1763-cü ilə qədər davam etmiş, tikinti işləri bir qədər tələsik aparılmışdır. Bu dövrdə şəhərin Şərq hissəsində doqquz məhəllə salınmışdı. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdı. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: Çuxur, Qurdlar, Culfa Seyidli, Quyular, Hacı Yusifli, Dördlər qurdu, Dördçinar və Çöl qala.

İbrahimxəlil xan Cavanşirin hakimiyyəti illərinə (1763-1806) təsadüf edən ikinci mərhələdə Şuşada aparılan tikinti işləri daha keyfiyyətli və möhtəşəm olmuşdur. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə formalaşmışdı. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllənin” yerindən fərqli olaraq, buranın ərazisi nisbətən dağlıq olub sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: Xanlıq, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı, Təzə.On doqquzuncu əsri əhatə edən üçüncü mərhələdə şəhərin dağlıq – qərb hissəsində yeni məhəllələr salınmış və əslində, bununla Şuşanın bir şəhər kimi formalaşması dövrü başa çatmışdır. Şəhərin dağlıq ərazidə salınmış “Qazançalı” adlanan üçüncü məhəlləsinin tikintisi 1805-ci ildə Qarabağ xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra salınmağa başlamış və bütün XIX əsr ərzində davam etmişdi. On iki küçədən ibarət olan bu məhəllə Şuşanın ən çox əhali yaşayan məhəlləsi olmuşdu. Mirzə Yusif Qarabaği bu məhəllənin küçələri kimi Mehrili, Qazançalı, Ciləbörd, Dərə, Bağlar və başqalarının adlarını çəkir.

XIX əsrin birinci yarısında Şuşaya şəhər statusu verilmiş və Rusiya imperiyasının “Şəhər əsasnaməsi”nın (1785) 28-29 maddəsinə əsasən, 1843-cü il mayın 21-də Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur. Dəniz səviyyəsindən təxminən 1400-1800 metr yüksəklikdə yerləşən Şuşa hər tərəfdən uzunluğu 400-600 metrə yaxın olan dərələrlə, daha yuxarılarda isə Qırxqız, Kirs, Murov, Bağrıqan, Sarıbaba dağları ilə əhatə olunmuşdur. Şəhərin qərb tərəfi dəniz səviyyəsindən hündürdür, Cənub tərəfi nisbətən hündür və horizontal düzənlikdir. Bura “Cıdır düzü” adlanır.Şuşanın ancaq bir nəqliyyat yolu var. Ağdam-Əsgəran-Xocalı-Xanbağı-Ağa körpüsü-Şuşa. Bu yol şəhərin mərkəzinə qədər uzanır. Şuşanın şərq tərəfindəki o qədər də hündür olmayan təpə “Dövtələb” adlanır.

Şuşa Qarabağın sənətkarlıq mərkəzi olmuşdur. Şəhərdə müxtəlif sənət sahələrinin inkişafı, ticarət əlaqələrinin genişlənməsi, tədricən mədəni mərkəzə çevrilməsi onun şöhrətini uzaqlara yaymışdı. Şuşanın çeşid-çeşid mallarının sorağı Təbriz, İsfahan, Tehran, İstanbul, Moskva, Nijni-Novqorod və başqa şəhərlərdən gəlirdi.

Əhalisi

İlk dövrlərdə Şuşa cəmi 162 ailənin məskunlaşdığı kiçik yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədlərindən məlum olur ki, bu ailələrin hamısı azərbaycanlılardan ibarət idi. Bu o deməkdir ki, Şuşanın əsasını azərbaycanlılar qoymuş və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşamışlar. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına surətlə artmışdı. Bir tərəfdən çox əlverişli mövqeyə malik olması, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi Şuşa şəhərini ətrafda yaşayan əhali üçün çox cəlbedici edirdi. Əldə olunan məlumatlar göstərir ki, artıq XVIII əsrin sonu – XIX əsrin əvvəllərində burada 2 mindən çox ailə yaşayırdı. Əgər hər ailənin, orta hesabla 5 nəfərdən ibarət olduğunu nəzərə alsaq, göstərilən dövrdə Şuşada 10 min nəfərdən çox əhalinin yaşadığını müəyyənləşdirə bilərik. Bu əhalinin əsas hissəsini Qarabağ xanlığının Dəmirçihəsənli, Kəbirli, Dizaq Cavanşir, Otuziki, İyirmidörd və Xaçın mahallarından köçüb gələnlər təşkil edirdi.

XVIII əsrin sonu-XIX əsrin əvvəllərində Şuşaya köçüb gələnlər arasında mənşəcə alban olub orta əsrlərdə xristianlığın qriqoryan məzhəbini qəbul edənlər də vardı. Onların əksəriyyətini Qarabağ xanlığının Tativ, Xaçın və Dizaq mahallarından gələnlər idi. Lakin “Qarabağ əyalətinin təsviri” adlı sənədin məlumatları əsasında hesablamalardan məlum olur ki, bu əhali Şuşa sakinlərinin cəmi 27 % -ni təşkil edirdi.

Qarabağ torpaqlarında ermənilərin kütləvi məskünlaşdırması XIX əsrin birinci yarısında təsadüf edir. Rus-İran müharibəsi nəticəsində bağlanan  1828-ci il Türkmənçay müqaviləsindən sonra  Şimali Azərbaycan çar Rusiyası tərəfindən işğal edildi  və bu, regionda imperiyanın təhlükəsizliyini təmin etmək məqsədilə 1828-ci ildə 1880-ci ilədək İranın Marağa, Səlmas, Xoy və digər xanlıqlarından buraya 40 mindən artıq erməni köçürülüb, Qarabağda və Qərbi Azərbaycan torpaqlarında məskunlaşdırıldı. Sonrakı illərdə də davam etmiş bu proses Qarabağda demoqrafik vəziyyətə nəzərə çarparaq dərəcədə  təsir göstərmişdir. Rusiyanın XIX əsrə aid rəsmi dövlət sənədlərində, o cümlədən Qafqaz təqviminin illik statistik məlumatlarında bu təkzibedilməz faktlar öz əksini tapmışdır.

Hələ XVIII əsrin əvvəllərindən İrandan tədricən kiçik qruplar şəkilində köç etməyə başlayan ermənilər Şuşada deyil, şəhərdən aralıda yerləşən yaşayış məntəqələrində məskunlaşırdılar. Qarabağ xanının onlara etdiyi yardımın əvəzi olaraq, 1797-ci ildə ermənilər ona xəyanət etdilər, Ağa Məhəmməd xan Qacarla gizli sövdələşməyə girərək Şuşa qalasının alınmasında ona gömək göstərdilər. Rus tarixçisi N.Dubrovin yazırdı: «İşğal nəticəsində Qarabağda 60 min ev dağıdıldı. Ermənilər isə ziyan çəkmədilər».  Şəhər 1822-ci ildə Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840 – cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi. Hətta, Rusiya İmperiyası məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri sənədlərə görə, şəhər sakinlərini böyük əksəriyyəti  azərbaycanlılardan ibarət idi. 1823-cü ildə dövlət müşaviri Moqilevski və polkovnik Yermolovun hesabatına görə, Şuşa şəhərində 148 azərbaycanlı ailəsi yaşayırdı. Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi zorla erməniləşdirmə siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi.  Bununla belə, 1823-cü ilin statistik məlumatlarına əsasən, Qarabağ xanlığı ərazisində yaşayan 20.035 ailədən yalnız 4.366-ı isə xristianlar idi. 1917-ci ildə isə artıq burada 415.000 azərbaycanlı və 170 min erməni yaşayırdı.

XIX əsrin əvvəllərinə aid statistik məlumatlar göstərir ki, xristian əhali yalnız Şuşada deyil, həm də bütün Qarabağ xanlığında əhalinin az bir hissəsini təşkil edirdi. 1823-cü ilə aid statistik məlumatlardan aydın olur ki, bu dövrdə Qarabağ xanlığında yaşayan 20.035 ailədən 15.729-nu azərbaycanlı, 4.366-nı isə xristian idi.

1828-ci il Türkmənçay və 1829-cu il Ədirnə müqavilələrindən sonra çar Rusiyası Cənubi Qafqazda mövqelərini möhkəmləndirmək üçün ermənilərdən istifadə etmək qərarına gəldi. Adları çəkilən müqavilələrin şərtlərinə əsasən, ermənilərin İrandan və Osmanlı Türkiyəsindən Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülməsinə başlanıldı. Rəsmi məlumatlara görə, Rusiya təkcə 1828-1830-cu illərdə Cənubi Qafqaza 40 min nəfər İran ermənisi və 84 min nəfər Türkiyə ermənisi köçürmüşdü. Ermənilərin Cənubi Qafqaza köçürülmələri bundan sonra kütləvi xarakter almışdı.  Məhz bu köçürmələrin nəticəsində 80 il ərzində Cənubi Qafqazda ermənilərin sayı təxminən 4,5 dəfə artmışdı. Rus qafqazşünası N.Şavrov yazırdı ki, XX əsrin əvvəllərində ümumən Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin bir milyonu buraya gəlmədir.

Rusiyanın Cənubi Qafqazda həyata keçirdiyi işğalçılıq və zorakı xristianlaşdırma siyasəti Şuşa şəhərinin həm inzibati statusuna, həm də demoqrafik vəziyyətinə ciddi təsir göstərdi. Şəhər 1822-ci ildə – Qarabağ xanlığı ləğv edildikdən sonra yeni yaradılmış Qarabağ əyalətinin, 1840 – cı ildən isə Şuşa qəzasının mərkəzinə çevrildi.

Türkmənçay müqaviləsinin imzalanmasından sonra Azərbaycanda yaranmış siyasi sabitlik XIX əsrin 70-ci illərindən başlayaraq şəhərdə əhali artımını xeyli sürətləndirdi. XIX əsrin əvvəli ilə müqayisədə Şuşada əhalinin sayı 2,5 dəfə artaraq əsrin sonunda 25.881 nəfər təşkil etmişdi. XX əsrin əvvəllərində isə bu artım daha sürətlə getmiş və 1917-ci ildə şəhər əhalisinin sayı 43.869 nəfərə çatmışdı. Lakin Şuşada müşahidə edilən bu artım heç də şəhərin köklü sakinləri olan azərbaycanlıların hesabına baş verməmişdi. Rus çarizminin həyata keçirdiyi köçürmə siyasəti burada indiyə qədər mövcud olmuş etnik balansın pozulmasına, ermənilərin sayca artmasına gətirib çıxartdı. XIX əsrin sonu – XX əsrin əvvəllərində köçkün ermənilərin hesabına şəhərdə əhalinin mexaniki artımı təbii artımı bir neçə dəfə üstələmişdi. Belə ki, burada 1870-ci ildən 1917-ci ilə qədər baş vermiş 23.924 nəfər əhali artımının 9.400 nəfəri təbii artımın payına düşdüyü halda, 14.524 nəfəri köçkün ermənilərin payına düşmüşdü.

Çar hökumətinin himayədarlığı ilə Şuşada ermənilər onun köməyilə şəhərin köklü sakinləri olan azərbaycanlıları sıxışdırmağa başladılar. 1905-ci il avqustun 16-da silahlandırılmış ermənilər azərbaycanlıların üzərinə hücuma keçdilər, Köçərli və Xəlfəli məhəllələrində yaşayan xeyli insanı qətlə yetirdilər. M.S. Ordubadi yazır ki, 1906-cı il iyun ayının 12-də “bir tərəfdən kazak dəstələri və piyada rus qoşunu, digər tərəfdən ətrafdan yığılmış 10 minə yaxın erməni əsgəri, bir tərəfdən də müharibədən qabaq şəhərdə nizam altında saxlanılmış erməni bölükləri və qaçaqlar müsəlmanlara qarşı hücuma başladılar. Beş gün ərzində müsəlman evləri yandırılıb top zərbələri ilə dağıldı”.

1920-ci ildə Azərbaycanda sovet hakimiyyətinin bərqərar edilməsi Qarabağa, o cümlədən, Şuşaya dinclik gətirmədi. Yüksək rütbəli sovet rəhbərliyinin himayədarlığı ilə Dağlıq Qarabağda rəhbər vəzifələrə sahib olmuş ermənilər indi öz məkrli siyasətlərini “sinfi mübarizə” adı altında həyata keçirir, bölgənin azərbaycanlı əhalisinə qarşı soyqırım və deportasiya siyasəti yeridirdilər. 1920-1922-ci illərdə Şuşanın yüzlərlə azərbaycanlı sakini ermənilərin fitvası ilə həbs edilmiş, güllələnmiş və təqiblərə məruz qalmışdı. Şəhərin bir çox zədəganları  əhalinin gözü qarşısında güllələnmişdi.

Sovet hakimiyyəti dövründə Şuşa şəhərinə bəslənilən ögey münasibət burada yaşayan əhalinin sayına və milli tərkibinə ciddi təsir göstərdi. Vaxtilə Azərbaycanın böyük və abad şəhərlərindən biri olmuş Şuşada təxminən 50 il ərzində əhalinin sayı 3 dəfədən də çox azalmışdı. Belə ki, 1917-ci ildə burada 43.869 nəfər əhali yaşadığı halda, 1970-ci ildə onların sayı cəmisi 13.664 nəfər təşkil etmişdi. Onların cəmi 3577 nəfəri erməni idi. 1989-cu ildə Şuşada əhlinin ümumi sayı 20.579 nəfər olduğu halda burada  1.377 nəfər  erməni yaşayırdı.

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012