Şuşa şəhərinin tarixi

Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar diyardır. Qarabağ təkcə özünün nadir gözəlliyə malik xalçaları, Midiya dağ atları – Qarabağ atları, Avropaya, Rusiyaya ixrac edilən ipəyi, zərgərlik məmulatı, silahları ilə deyil, həm də nadir təbiəti, müalicəvi suları ilə də məşhurdur. Sərt dağlar, sıx meşələrlə əhatələnən və toponimikası Azərbaycan dilində «qara bağ», böyük bağ» kimi yozulan bu diyarın paytaxtı isə qədim Pənahabad – Şuşa şəhəri olmuşdur Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Uzaq keçmişdə bura qədim Xocalı-Gədəbəy mədəniyyətinə (e.ə. ikinci minilliyin ikinci yarısı – birinci minilliyin əvvəlləri) daxil olan ən qədim yaşayış yerlərindən birində yaranmış və daimi insan məskəninə çevrilmişdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası (Üçmıx dağında) bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir.

Dəniz səviyyəsindən 1300-1600 metr yüksəklikdə yerləşən Şuşa şəhərinin cənubunda Qafqazın ən qədim yaşayış məskənlərindən biri yerləşir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunmuşdur. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının – Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir. Şuşa Qarabağ xanlığının hərbi-strateji əhəmiyyətli və iqtisadi, siyasi, mədəni mərkəzi kimi yaranmış və  inkişafı etmişdir. Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi  Gaius Cornelius Tacitus (Tasit) Qafqaz ərazisində dondar türk tayfasına məxsus Sosu (latın dilində «ş» səsi yoxdur) şəhərinin olması haqqında məlumat vermişdir. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu «Şuşa» (şüşə – glass) adlandırmışlar.

Düzənli-dağlı Qarabağ üçün, bütün Azərbaycan ellərindən ötrü uzun tarixi dövr ərzində uca, dağlar başında şəfalı bir yaylaq yeri olan Şuşa el arasında, xalqın təfəkküründə və ədəbiyyatında Şüşə adı ilə də məşhur olmuşdur. XVIII əsrin ortalarına yaxın Azərbaycan ərazisində müstəqil xanlıqlar dövrü başlandıqda qədim yurd yeri olan Şuşa yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin, Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara aldı. Yeni qala ilk illərdə öz banisinin adı ilə «Pənahabad», sonralar isə «Şuşa» adlandırılmağa başlandı.

Şuşa qalasının təməli, tarixi Azərbaycan ərazisindəki dövlətlərindən biri olan Qarabağ xanlığının hökmdarı, əslən qarabağlı olan Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli bəy özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır.

Şuşa qalası qədim yaşayış yerinin üzərində inşa edilmişdir. Azərbaycan Elmlər Akademiyası Tarix İnstitutunun arxeoloqları Şuşa qalasının yerində qədim yaşayış məskəni olduğunu, həmin şəhərin XIII əsrdə monqolların basqını nəticəsində dağıdıldığını müəyyən etmişlər. Azərbaycan tarixçisi Mirzə Camal Cavanşir Qarabaği Pənahəli xanın Qarabağ torpağını qorumaq məqsədilə Şuşa qalasını ucaltması barədə yazarkən həmin şəhər qalıqlarını da xatırladır: «Xanın bir neçə nəfər bilici və məlumatlı adamı gedib, qalanın yerini və ətrafını yoxladılar. Qalanın içində iki-üç bulaqdan başqa axar su yox idi. Bu bulaqların suyu isə qala camaatına kifayət etməzdi. Ona görə, quyu qazdırıb, müəyyən elədilər ki, buranın bir çox yerlərində su quyuları qazmaq mümkündür. Bu xəbəri mərhum Pənah xana çatdırdılar. Xan sevinərək, bir neçə öz yaxın adamı ilə buraya gəldi, yerlə tanış olub, əzmlə qalanın təməlini qoydu».

Bu onu göstərir ki, Şuşa Azərbaycanlıların qədimdən yaşadığı ərazidə mövcud olan qala tikilisinin yerində ucaldılmışdır və söhbət qalanın yeni inşasından deyil, onun daha da gücləndirilməsindən və abadlaşmasından gedir.“Qədim” və “Yeni Şuşa”dan ibarət olan şəhərin ən qədim hissəsində əvvəllər yalnız azərbaycanlılar yaşamışlar. Tədricən qalanın ətrafında yaşayış məhəllələri salındı və beləliklə Şuşa qalası tez bir zamanda Qarabağ xanlığının paytaxtına çevrildi və 1756-ci ildən 1823-ci ilədək Qarabağ xanlığının paytaxtı olmuşdur.Pənahəli xan şəhəri bina edəndən dərhal sonra dövlət atributlarından biri olan Qarabağ xanlığının pul vahidi “Pənahabadi” adlı sikkə kəsdirməyə başladı. Bu sikkələr xalq arasında “pənabad” adlandırılırdı. Bu, bir misqal vəznində, çar Rusiyasının köhnə gümüş pulu ilə 15 qəpik dəyərində və İran pulu ilə yarım qran olan gümüş pul idi. Sikkənin bir üzündə “Pənahabadi”, o biri üzündə isə “Lə ilahə illəllah, Mühəmmədin rəsullullah” sözləri yazılmışdı.

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012