Şuşa xanəndəlik məktəbi

XIX əsrin ikinci yarıcında Azərbaycanın bir sıra şəhərlərində musiqi məclisləri, cəmiyyətləri, dərnəkləri təşkil olunurdu. Belə ki, Bakıda Məşədi Məlik Mənsurovun, Şamaxıda Mahmud Ağanın, Şuşada isə Xarrat Qulu Məhəmməd oğlunun və Mir Möhsün Nəvvabın musiqi məclislərinin Azərbaycan milli musiqisinin inkişafında önəmli rolu olmuşdur.

Şuşada birinci musiqi məclisi Şərq musiqisinin bilicisi Xarrat Qulu Yusifi (1823-1883) tərəfindən təşkil edilmişdi. Musiqişünas Xarrat Qulunun məclisi Azərbaycanın muğam sənətinin inkişafında böyük rol oynamışdır. Bu məclisin üzvlərindən olan Hacı Hüsü, Məşədi Isi, Əbdülbağı Zülalov, Dəli Ismayıl, Keştazlı Həşim, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu Şuşa vokal məktəbinin parlaq nümayəndələridir. Xarrat Quludan sonra 80-ci illərdə Şuşada “Məclisi-Fərəmuşan” (“Unudulmuşların məclisi”) və “Musiqiçilərin məclisi” yaranır ki, onların rəhbəri, XIX əsrin mütərəqqi xadimi, alimi, şairi, musiqişünası, rəssamı Mir Möhsün Nəvvab (1833-1918) idi. Nəvvab Şuşada doğulmuş, yaşamış, yaratmış və orda da vəfat etmişdi.

“Musiqiçilər cəmiyyəti”ndə musiqi sənətinin estetik problemləri, ifaçılıq sənəti, klassik müğamları müşayiət edən poeziya nümunələri müzakirə olunurdu. Cəmiyyətə məşhur xanəndə və sazəndələri – Hacı Hüsü, Məşədi Cəmil Əmirov, İslam Abdullayev, Seyid Şuşinski və b. daxil idi. Bir çox musiqiçilər özlərinin ilk təhsilini məhz bu cəmiyyətdə almışlar. Burda müzakirə olunan məsələlər M.M.Nəvvabın “Vüzuhül-ərqam” risaləsində tapmışdır. Mir Möhsün Nəvvab musiqi sənəti haqqında “Vüzuhül-ərqam” risaləsini “Rəqəmlərin izahı” 1884-cü ildə yazmışdır.

“Vüzuhül-ərqam” XIX əsrin sonunda Azərbaycan musiqisi haqqında Azərbaycan dilində yazılmış və çap edilmiş yeganə risalə idi. Bu risalənin Şərqdə ümumən risalələrin az yazılan bir dövründə yaranması və Şuşanın muğam nəzəriyyəsinin ənənələrinin “Vüzuhül-ərqam” risaləsində davam etdirilməsi faktı artıq böyük maraq doğururdu. Nəvvab risaləsində ifaçılıq qaydalarına da böyük əhəmiyyət vermiş, onun estetika, akustika məsələlərini əsas şərtlərdən hesab etmişdir.

Şuşa vokal sənətinin ən görkəmli nümayəndələrindən biri Xarrat Qulunun yetişdirməsi Hacı Hüsü idi. O, şuşalılar qarşısında ilk dəfə “Xandəmirovun teatrı” binasında “Xeyriyyə gecəsi”ndə tarzən Sadıqcanın müşayiətilə çıxış edərək “Çahargah”ı elə oxumuşdur ki, onun şöhrəti hər yerə yayılmışdır. Hacı Hüsü tək Azərbaycanın toylarına deyil, Yaxın və Orta Şərqin bir sıra şəhərlərinin məclislərinə dəvət olunurdu. Məsələn, 1880-ci ildə Iran şahı Nəsrəddin şah Hacı Hüsünü oğlunun toyuna dəvət etmişdi. Hacı Hüsünü həmin məclisdə müşayiət edən tarzən Sadıqcan və kamançaçı Bağdagül Ata idi. Bu toyda Hacı Hüsü digər məşhur Iran musiqiçiləriylə bərabər çıxış etmişdi. Lakin toyun sonunda şah tərəfindən verilən birinci mükafata məhz Hacı Hüsü layiq görülmüşdü.

Hacı Hüsü gözəl xanəndə olmaqla bərabər, həm də Şərq və Azərbaycan muğamlarını əla bilən musiqişünas və müəllim kimi də məşhur idi. O, bir sıra muğamları təkmilləşdirmiş, onların yeni variantlarını yaratmışdır. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü Sadıqcanın tarda müşayiətilə “Qatar” muğamının da yaradıcısıdır.

Hacı Hüsünün çıxışlarını çox vaxt tarda müşayiət edən böyük tarzən Mirzə Sadıq Əsəd oğlu (1846-1902) olmuşdu. Xalq arasında o, «Sadıqcan» kimi məşhur idi. Mirzə Sadıq Azərbaycanda və Zaqafqaziya xalqları arasında böyük şöhrət və məhəbbət qazanmış ustad sənətkar idi. Onun “Sadıqcan” adlanması da görünür, bu məhəbbətin ifadəsi idi. Mirzə Sadıq Iran şahının oğlunun toyunda böyük bacarıq və ustalıq göstərdiyinə görə, şah onu “Şiri-Xurşid” medalıyla təltif etmişdi.

Mirzə Sadıqın musiqimizin tarixində xidmətləri böyük idi. O, çoxəsrlik tarı təkmilləşdirmiş, beşsimli zəif səslənən tara daha altı sim də əlavə edərək imkanlarını artırmışdır. Tarın qolunda olan pərdələrin sayını isə azaldaraq 17-yə endirmişdi. Tarın rezonansını gücləndirmək üçün zildə səslənən yeni pərdələr əlavə etmiş, həmçinin “lal barmaq” üsulunu icad etmişdi.

Əvvəllər tarı diz üstə çalırdılar. Sadıqcan bu üsulu ləğv edərək tarı sinə üzərin qaldıraraq ifa etmişdir. Mirzə Sadıq tarla bərabər muğamları da təkmilləşdirmiş, tarın qoluna “Zabul” pərdəsini, “Mirzə Hüseyn Segah”ına isə “Müxalif”i əlavə etmişdi.

Sadıqcan iri əllərə, uzun və güclü barmaqlara sahib idi, deyilənə görə onun tarda işlətdiyi barmaqları, vurduğu mizrabları heç kəs təkrar edə bilməmişdir. Məşədi Zeynal, Meşədi Cəmil Əmirov, Şirin Axundov, Qurban Pirimov kimi mahir tarzənlər məhz Sadıqcan məktəbinin gözəl davamçılarıdır.

1897-ci ildə Şuşada yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə həvəskar aktyorların ifasında dahi Azərbaycan şairi Füzulinin poeması əsasında “Leyli Məcnunun məzarı üstündə” musiqili səhnəcik göstərildi. Məcnun rolunu məşhur xanəndə Cabbar Qaryağdıoğlu oynayırdı. 1902-ci ildə “Fərhad və Şirin” mövzusunda ikinci belə musiqili səhnə qoyuldu. Fərhad rolunu yenə də Cabbar Qaryağdıoğlu ifa edirdi. O, xanəndə və bəstəkar kimi məşhur idi. Cabbar Qaryağdıoğlu “Bakı”, “Bəsti”, “Tiflisin yolları” və bir çox mahnıların müəllifi idi. Cabbar Qaryağdıoğlunun yüksək tembrli və geniş diapazonlu gözəl tenor səsi var idi. Onun kimi “Mənsuriyyə”, “Heyratı”, “Kürd-Şahnaz” oxuyan yox idi. Onun səsini məşhur italyan tenoru Karuzo ilə müqayisə edirdilər. S.Yesenin onu “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Hələ 1906-1912-ci illərdə Cabbar Qaryağdıoğlunun səsi Kiyev, Moskva, Varşavada qrammafon vallarına yazılmışdı. Cabbar Qaryağdıoğlu Azərbaycan vokal sənətinin tarixində yeni səhifə açmışdır. O, musiqili-ədəbi və Şərq konsertlərində çıxış edərək milli operanın yaranmasında önəmli rol oynadı, onun üçün münbit zəmin yaratdı.

Cabbar Qaryağdıoğlundan sonra Şuşa xanəndəlik məktəbinin ən parlaq nümayəndəsi Seyid Şuşinski idi. Cabbar Qaryağdıoğlu onu “Şərq musiqisinin incisi” adlandırmışdı. Seyid Şuşinskinin 1908-ci ildə Şuşanın “Yay klub”unda keçən ilk uğurlu çıxışından sonra Cabbar səhnəyə çıxıb, Seyidi bağrına basaraq gözləri yaşarmış halda demişdi: “İndi mən ölsəm də, daha qəmim olmaz, çünki məndən sonra Seyid var”. Sonrakı çıxışlarının birində isə Cabbar Seyidin oxumağından riqqətlənərək öz qavalını ona bağışlamışdı.

Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün iki il Nəvvabın yanında təhsil almışdır. Sonrakı müəllimi Cabbar Qaryağdıoğlu olmuşdu. Seyid Şuşinski ifa üçün mürəkkəb muğam olan “Cahargah”ı xüsusilə böyük məharətlə oxuyardı, özü də həmişə onu “Mayə”dən yox, “Mənsuriyyə”dən başlayardı. Maraqlıdır ki, həyatının son illərində, yaşı artıq 74-ü ötmüş Seyid “Mənsuriyyə”ni eyni şövqlə oxuyurdu.

Seyid Şuşinski yaradıcılığında Hafiz, Füzuli, Seyid Əzim qəzəllərilə yanaşı, Cavidin və Sabirin şerlərinə də müraciət edirdi. Sabirin “Millət necə tarac olur-olsun, nə işim var” şerini “Müxalif”də oxuyardı. Seyid Şuşinski siyasi-ictimai mövzuda şer və qəzəl oxuyan, xalqı mübarizəyə çağıran ilk xanəndə olmuşdur. O, bir sıra mübariz ruhlu mahnılar da oxumuşdur. “Ayıl, ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s.

Seyid Şuşinski Mirzə Cəlil, Əbdürrəhim bəy Haqverdiyev, Hüseyn Cavid, Hüseyn Ərəblinski kimi sənətkarlarla dostluq edirdi. “Molla Nəsrəddin” jurnalının nəşrinə daim yardım göstərmişdi. Seyid Şuşinski “Cahargah”dan başqa “Mahur”, “Nəva”, “Məsnəvi”, “Mani”, “Arazbarı”, “Heyratı” kimi muğamların gözəl ifaçısı idi. Onu da qeyd edək ki, Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun “Şur” və “Kürd-Ovşarı” simfonik muğamlarının yazılmasında məsləhətçi kimi böyük köməyi olmuşdu.

Qarabağlı muğam ustaları arasında öz məlahətli səsi, xüsusi dəsti xətti ilə seçilən və xalqın ürəyinə yol tapan xanəndələrdən biri də Zülfüqar Adıgözəlov idi. 1920-ci illərin axırlarında Şuşa məclislərinin birində Cabbar Qaryağdıoğlu onun səsini eşitmiş, bəyənmiş və Bakıya dəvət etmişdi. Bakıda, dövlət filarmoniyasında işləyə-işləyə o, sənətkarlığını artırmışdı.  Z.Adıgözəlov opera teatrında da bəzi rollarda çıxış etmişdi. O, gözəl səsinə, aydın diksiyasına, səmimi, sərbəst oxumağına görə populyar idi. Xalq onu mehribanlıqla “Zülfi” deyə çağırır. Zülfi Adıgözəlov “Rast” muğamının mahir ifaçısı idi.Zülfi Adıgözəlovun gözəl səsi “Azərbaycanfilm” kinostudiyasının çəkdiyi “Kəndlilər”, “Səbuhi”, “Bakılılar” filmlərində də səslənir.

Şuşanın xanəndəlik məktəbinin son korifeylərindən olan Xan Şuşinski haqqında söz açdıqda qeyri-ixtiyari Səməd Vurğunun “Azərbaycan” şerinin bu misraları yada düşür:
Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan.
Axşam üstü qoy uzaqdan
Havalansın Xanın səsi,
Qarabağın şikəstəsi

Xan Şuşinskinin ilk müəllimi, xanəndəlik tariximizə “Segah” muğamının ustadı kimi daxil olmuş Islam Abdullayev olmuşdu. Elə «Xan Şuşinski» adını da gənc Isfəndiyara Islam Abdullayev vermişdi. Bir gün Şuşanın musiqi məclislərinin birində gənc Isfəndiyarla bərabər iştirak edən Islam Abdullayev ev yiyəsindən xahiş edir ki, onlar üçün o zaman məşhur olan Təbrizli xanəndə Əbülhəsən Xanın qrammofon valını səsləndirsin. Xanəndə “Kürd-Şahnaz” oxuyurdu. Valı dəfələrlə dinlədikdən sonra məclis əhli gənc Isfəndiyardan xahiş edir ki, həmin muğamı təkrar oxusun. O, bu muğamı zildə böyük məharətlə oxuyur və bununla hamını heyrətləndirir. Isfəndiyarın oxumağından qürurlanan müəllimi Islam gənc xanəndəyə o gündən «Xan» adını verir. Xan Şuşinskinin etirafına görə, onun kamil xanəndə kimi yetişməsində İslam Abdullayevdən sonra Cabbar Qaryağdıloğlunun və Seyid Şuşinskinin böyük rolu olmuşdu. Xan Şuşinskinin geniş diapazonlu qüvvətli səsi var idi. O, bütün muğamları böyük ustalıqla oxuyurdu. Lakin “Mahur-hindi”ni onun kimi oxuyan olmamışdı. Xan “Segah” muğamının da mahir ifaçısı idi. “Qarabağ şikəstəsi”ni isə təkrarolunmaz bir məharətlə oxuyurdu. Gözəl qaval çaldığına görə ritmik muğamlarının da mahir ifaçısı sayılırdı. Xanın özü bir sıra mahnıların müəllifi idi. Onlardan “Qəmərim”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağından”, “Ölürəm, a Ceyran bala” və nəhayət, Şuşaya həsr etdiyi və dillər əzbəri olan “Şuşanın dağları” mahnılarıdır.

 

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012