Görkəmli musiqiçiləri, mədəniyyət və incəsənət xadimləri


1
Abbasov Əşrəf Cəlal oğlu (1920 – 1992) bəstəkar, musiqişünas və pedaqoq. Azərbaycan SSR əməkdar incəsənət xadimi (1963), professor (1968). 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını, 1952-ci ildə isə Moskva Dövlət Konservatoriyasının aspiranturasını bitirmişdir.



1953-1957-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasının rektoru olmuşdur. 1965-ci ildə ilk Azərbaycan uşaq baleti “Qaraca qızı”ı yazmışdır. Əşrəf Abbasov fortepiano və orkestr üçün konsertin (1946), “Şuşa” (1945), “Gələcək gün” (1952), “Dramatik” (1953) simfonik poemalarının, “Səndən mənə yar olmaz” (1963), “Dağlar qoynunda” (1970) operettalarının, bir çox instrumental əsərin, xor, mahnı, romansın, həmçinin “Üzeyir Hacıbəyov və onun “Koroğlu”operası”(1956) və bir sıra başqa nəzəri əsərlərin və məqalələrin müəllifidir. 1952-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. “Şərəf nişanı”ordeni və medallarla təltif edilmişdir.
2
Abdullayev İslam Əbdül oğlu (1876 – 1964) xanəndə, əməkdar artist. İlk  təhsilini  Şuşada  şəhər  məktəbində  almışdır. Mirmöhsün  Nəvvabın  “Xanəndəlik  məclisi”nin  üzvü  olmuşdur. Burda  əsl  xanəndə  kimi  təkmilləşmiş, tez-tez  Qarabağ, Gəncə, Şəki, Şirvan mahallarına  el  şənliklərinə  dəvət  edilmişdir. Çox  çəkmədən  o,  İran  məclislərinin də  qonağı  olmuşdur.



Xanəndə  “Segah”,  “Mahur”,  “Rast”, “ Kürdi- Şahnaz” , “Şüştər”, “Bayatı-kürd” , “ Şikəsteyi-fars” muğamlarının  çox  yüksək  səviyyədə  ifa  etmiş,  orijinal   tərzdə  oxumuşdur. Onun  “ Yetim Segah” ı  isə  nəinki  Zaqafqaziyada,  hətta  bütün  yaxın  Şərqdə  məşhur  idi.  Buna  görə  də  xalq  onu  “Segah  İslam”  adlandırmışdı.  1901-1905-ci  illərdə  o,  tarzən  Qurban  Pirimovla  Qarabağ  və  Gəncə  məclislərində  çıxış  etmişdir. 1910-1913-cü  illərdə  isə  “Sport – Rekord”,  “Ekstrafon”,  “Primer – Rekord” aksioner cəmiyyətləri    onun  səsini  vala  yazdırmışdır.

İslam  Abdullayev  uzun  illər  Azərbaycan  Dövlət  Estradasının  solisti  olmuş,  eyni  zamanda  Şuşa  və  Ağdam  musiqi  məktəblərində  muğamdan  dərs  demişdir.
3
Adıgözəlov Vasif Zülfüqar oğlu (1935 – 2006) bəstəkar, Azərbaycan SSR xalq artisti (1989), professor, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü. İlk musiqi təhsilini ixtisaslaşdırılmış musiqi məktəbinin fortepiano sinfində almış, Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bəstəkarlıq ixtisası üzrə bitirmişdir (1958). Yaradıcılığına hələ tələbə ikən başlamışdır.



Vasif Adıgözəlovun ilk əsərləri 1956-cı ildə Azərbaycan bəstəkarlarının I qurultayında ifa olunmuşdur. Vasif Adıgözəlov Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində baş redaktor (1957-1959), Asəf  Zeynallı adına Bakı Musiqi Texnikumunun müəllimi (1959-1960), M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş musiqi redaktoru (1960-1961), Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin məsul katibi (1962-1968), Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri (1968-1978), A.Zeynallı adına Bakı Musiqi Texnikumunun direktoru (1972-1983) vəzifələrində çalışmışdır. O, 1972-ci ildən taleyini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasi ilə bağlamış, burda müəllim, dosent, professor və xor dirijoru kafedrasının müdiri kimi gənc musiqiçilər nəslinin yetişməsində mühüm xidmətlər göstərmişdir. 1990-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin I katibi olmuşdu.

Müxtəlif janrlı əsərlərində həmişə zamanın nəbzini tutan Vasif Adıgözəlovun yaradıcılığı müasir Azərbaycan musiqi sənətinin parlaq səhifələrini əhatə edir, pianoçu kimi ifaçılıq fəaliyyəti musiqi tariximizdə xüsusi yer tutur. Bəstəkar musiqisi ilə milliliyin uğurlu sintezinə nail olaraq qiymətli əsərlər yaratmışdır. Ayrı-ayrı illərdə bəstələdiyi simfoniyaları və simfonik poemaları, fortepiano və skripka üçün konsertləri, oratoriyaları, operaları və musiqili komediyaları görkəmli sənətkara böyük şöhrət gətirmişdir. Onun yaradıcılığı simfonik, vokal-simfonik və irihəcmli instrumental əsərlərlə yanaşı, populyar mahnı janrını gözəl nümunələrllə bəzəmişdir. Bəstəkar öz əsərlərində Azərbaycan xalq musiqisinin bütün janrlarının qədim ifadə vasitələrinin istifadə prinsiplərindən məharətlə istifadə etmişdir. Vasif Adıgözəlovun yaradıcılığı üçün parlaq melodizm və milli muğamlarımızdan qaynaqlanan xüsusiyyətlər xarakterikdir. Sənətkarın bir sıra kinofoilmlərə və dram tamaşalarına bəstələdiyi musiqi də böyük maraqla qarşılanmışdır.

Vasif Adıgözəlov “Ölülər” operasının, üç simfoniya, dörd simfonik poema, beş musiqili komediya, iki oratoriya, fortepiano üçün iyirmi dörd prelüd, variasiyalar, yüzdən artıq mahnı, romans və sair əsərlərin müəllifidir. “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
4
Ağa Mirzə Ələsgər On doqquzuncu əsr Azərbaycan musiqi mədəniyyəti tarixinə daxil olan ilk tarzən. Gəncliyindən “Ağa”, “ Mirzə” təxəllüsü ilə tanınan Ələsgər musiqi aləmində, o cümlədən, kamançada çalmağı bacarmış, eyni zamanda yaxşı səsi olduğundan toylarda, musiqi məclislərində oxumuşdur.



Tar çalmağı on doqquzuncu əsrin ilk illərində İrandan Şuşaya gəlmiş və İbrahimxəlil xan Cavanşirin saray musiqiçilərindən olmuş tarzən Əli Şirazidən öyrənmişdir. Ağa Mirzə Ələsgərin tamaşaçılar qarşısında ilk çıxışı 1812-ci ildə olmuşdur. Bu çıxışdan sonra müstəqil bir tarzən kimi fəaliyyətə başlayan Ağa Mirzə Ələsgərə Azərbaycanın ilk tarzəni adını qazanmaq şərəfi nəsib olmuşdur. Çox çəkmədən gənc tarzən Qarabağın üçüncü hakimi Mehdiqulu xan Cavanşirin saray musiqiçiləri dəstəsinə daxil olmuşdur.

Get-gedə təkmilləşən, tarın sirlərinə dərindən bələd olan Ağa Mirzə Ələsgər adətən bir müşayiətçi kimi kamançaçı Qaraçı Əsədlə birlikdə dövrün tanınmış xanəndələri Şahsənəm oğlu Yusifi, Həsənçəni, Molla Zeynalabdini və başqalarını müşayiət etmişdir. Azərbaycanın görkəmli novator tarzəni Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan), Şəkəroğlu Kərim, Dəmirçi Qulu, Cavad bəy Əli bəy oğlu Xənəzəysni, Məşədi Zeynal Haqverdiyev, irəvanlı Ağamalı ağa kimi böyük tarzənlər dəstəsi yetişdirmişdir.

Bütün Zaqafqaziya musiqiçiləri arasında böyük şöhrət qazanmış görkəmli tarzənin səsi-sorağı Yaxın Şərq ölkələrinə də yayılmışdı. İran hökmdarı Nəsrəddin şah Qacar Ağa Mirzə Ələsgəri dəfələrlə öz sarayına dəvət etmiş, onu qiymətli hədiyyələrlə mükafatlandırmışdır.

Ağa Mirzə Ələsgər bir müddət Tiflisdə, Gəncədə və İrəvanda yaşamış, bu şəhərlərdə onlarla tarzən yetişdirmişdir. Ahıl çağlarında Şuşaya qayıtmış və orda da vəfat etmişdir.
5
Bağırov Zakir Cavad oğlu (1916 – 1996) bəstəkar, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1961). Moskva Dövlət Konservatoriyasını bitirmişdir (1949). Həmin ildən Azərbaycan Dövlət Konservatoriyasının müəllimi, 1970-ci ildən musiqi nəzəriyyəsi kafedrasının müdiri olmuşdur.



“Aygün”(1972) operasının, “Kəndimizin mahnısı”(1958) və “Qaynana” (1964) operettalarının, xalq çalğı alətləri orkestri üçün suitaların (1956, 1969), fortepiano ilə orkestr üçün konsertin (1970), orqan üçün improvizasiya və fuqanın (1973), kamera-instrumental əsərlərin, mahnı və romansların müəllifidir. Zakir Bağırov bir çox dram tamaşası və kinofilmə də musiqi yazmışdır. “Şərəf nişanı” ordeni ilə təltif edilmişdir.
8
Behbudov Məcid Behbudalı oğlu (1873 – 1945) xanəndə.  Əvvəlcə  Şuşada  arşın  malı  satmaqla  məşğul  olmuşdur. Tədricən  xüsusi  məclislərdə,  toy  şənliklərində  xanəndəlik  etməyə  başlamış, 1904-cü  ildə  professional  xanəndəlik  sənətinə  qədəm  qoymuşdur. Bir  müddət  Zaqafqaziyanın  kənd  və  şəhərlərində  və  Tiflisdə  tarzən  Məşədi  Zeynal  Haqverdiyevlə  çalıb-çağırmışdır. “Mirzə Hüseyn segahı”, “Şüştər”, “Çahargah”ın  gözəl  ifaçılarından  olmuşdur.



1910-cu ildə  “Qrammofon”  şirkəti  onu  Riqaya  dəvət  etmiş, xanəndə Məşədi  Cəmil  Əmirovun  müşayiəti  ilə  bir  neçə  muğam  və  təsnifi,  qədim  Qarabağ  mahnılarını  vala  yazdırmışdır.

Məcid Behbudovun Azərbaycan opera teatrının inkişafında da mühüm xidməti olmuşdur. O, Üzeyir Hacıbəyovun opera və operettalarında, Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” və Saşa Oqenazaşvilinin “Fərhad və Şirin” operalarında  çıxış etmişdir. Dəfələrlə İranda toy şənliklərində və xüsusi məclislərdə iştirak etmişdir.

Ötən  əsrin  iyirminci  illərindən  Məcid  Behbudov  Tiflis  teatrlarında  və  konsert  salonlarında  zəhmətkeşlərə   göstərilən mədəni xidmətlərdə təşviqat işçilərinə  kömək  məqsədilə  təşkil  olunan  konsertlərdə  yaxından  iştirak  etmişdir.
9
Behbudov Rəşid Məcid oğlu (1915 – 1989) müğənni (lirik tenor), SSRİ xalq artisti (1959), SSRİ Dövlət mükafatı laureatı (1946). İfaçılıq fəaliyyətinə Tiflisdə başlamışdır (1930). 1938-1944-cü illərdə İrəvan filarmoniyasının solisti olmuş, həmçinin opera və balet teatrında çıxış etmişdir.



1946-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, eyni zamanda 1953-1960-cı illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının solisti, 1957-1959-cu illərdə Azərbaycan Dövlət Konsert ansamblının təşkilatçısı və rəhbəri olmuşdur. 1966-cı ildən özünün təşkil etdiyi Azərbaycan Dövlət Mahnı Teatrının solisti və bədii rəhbəri olmuşdur. Teatrda musiqi və estrada sənətinin müxtəlif janrlarını (balet, pantomima və sair) üzvi surətdə birləşdirmişdir.

Zəngin çalarlı, müstəsna gözəl səsə malik olan Rəşid Behbudov Azərbaycan vokal məktəbinin görkəmli nümayəndələrindəndir. Onun ifaçılığına hisslərin təbiiliyi və dolğunluğu, səmimilik xasdır. Azərbaycan xanəndəliyi üçün səciyyəvi olan improvizəetmə xüsusiyyəti onun yaradıcılığında özünü orijinal şəkildə göstərmişdir. Xalq mahnılarının, bəstəkarın vokal əsərlərinin ölkədə, eləcə də xarici ölkələrdə populyarlaşmasında Rəşid Behbudovun xidməti böyükdür. Onun repertuarına dünya xalqlarının və özünün mahnıları daxildir. Müğənni əllidən artıq xalqın mahnısını həmin xalqların dilində ifa etmişdir.  Azərbaycan opera teatrında Balaş (“Sevil”, F.Əmirov), Əsgər (“Arşın mal alan”, Ü.Hacıbəyov) ariyasını ifa etmişdir. Əsgər ariyasını həmçinin K.S.Stanislavski və V.İ.Nemiroviç-Dançenno adına Moskva Dövlət Musiqili teatrında oxumuşdur. Onun ifasındakı Balaş partiyası Azərbaycan vokal sənəti tarixində əhəmiyyətli yer tutur. Rəşid Behbudov “Arşın mal alan”(1945), “Sevimli mahnı”(1958), “1001-ci qastrol”(1974) bədii filmlərində, eləcə də “Doğma xalqımıza”(1954) sənədli filmində çəkilmişdir. “Arşın mal alan” filmində yaratdığı Əsgər obrazı ona geniş şöhrət qazandırmışdır. Albaniya, Bolqarıstan, Belçika, MƏR, Efiopiya, Hindistan, Çin, Finlandiya, İraq, İran, Türkiyə, Çili, Argentina və sair ölkələrdə qastrolda olmuşdur. Azərbaycan SSR Ali Sovetinə (3-cü və 6-cı çağırışı) deputat seçilmişdir. SSRİ Ali Sovetinin (7-ci və 9-cu çağırışı) deputatı idi. “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri, həmçinin xarici ölkələrin orden və medalları ilə təltif edilmişdir.
10
Bülbül (təxəllüsü, əsl adı və familiyası Murtuza Məşədi Rza oğlu Məmmədov; 1897 –1961) Opera müğənnisi (lirik-dramatik janr) xanəndə, musiqi folkloru tədqiqatçısı, Azərbaycan professional vokal məktəbinin banisi, SSRİ xalq artisti (1938), SSRİ Dövlət mükafatı laureatı.



Kiçik yaşlarından məharətli zəngulələrinə görə xalq ona “Bülbül” adı vermişdi. Onun teatr səhnəsindəki ilk çıxışı Məşədi Cəmil Əmirovun  1916-cı ildə Gəncədə tamaşaya qoyulmuş “Seyfəl-mülk” operası ilə bağlıdır. Bülbül 1920-ci ildən Birləşmiş Dövlət Teatrı opera truppasının (1924-cü ildən Azərbaycan Opera və Balet teatrı) solisti olmuş, ilk illərdə Üzeyir Hacıbəyovun “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Zülfüqar Hacıbəyovun  “Aşıq Qərib” operalarında İbn Səlam, Kərəm, Qərib rollarını oynamışdır. O, 1927-ci ildə Bakı konservatoriyasını bitirmişdir. Həmin ildə vokal texnikasını daha da təkmilləşdirmək üçün dövlət tərəfindən Milana göndərilmişdir (İtaliyada birinci dəfə 1924-cü ildə olmuşdur). 1931-ci ilədək burda Delliponitk və R.Qranidən dərs almışdır. 1931-ci ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. Geniş diapazonlu, gözəl, məlahətli, axıcı səsi olan müğənni böyük aktyorluq istedadına malik idi. O, yaratdığı obrazların xarakterini, daxili aləmini tamaşaçılara realist boyalarla çatdıra bilmişdir. Əsas rolları bunlardır: Koroğlu, Əsgər (“Koroğlu”, “Arşın mal alan”, Ü.Hacıbəyov), Qərib (“Şahsənəm”, R.Qliyer), Əlyar (“Nərgiz”, M.Maqomayev), Nizami (“Nizami”, Ə.Bədəlbəyli), Fərhad (“Xosrov və Şirin” Niyazi), Aslan (“Vətən”, Q.Qarayev və C.Hacıyev)  və.s. Koroğlu partiyası Bülbülün opera yaradıcılığının zirvəsidir. O, romantik ruhlu xalq qəhrəmanının daxili aləmini hərtərəfli aça bilmişdir. Bülbülün ifasında Koroğlu rolu müasir Azərbaycan musiqili teatrı tarixində mühüm bir mərhələ təşkil edir.

Bülbül Azərbaycan xalq mahnılarını, təsnifləri böyük sənətkarlıqla ifa etmişdir. Azərbaycan bəstəkarlarının kamera-vokal əsərlərinin populyarlaş-masında onun xüsusi rolu var. Bülbül Asəf Zeynallının “Ölkəm”, Üzeyir bəy Hacıbəyovun “Sənsiz”, “Sevgili  canan” romanslarının ilk ifaçısı olmuş və zəngin boyalarla təkrarolunmaz musiqi obrazları yaratmışdır. Onun repertuarında Qərbi Avropa və rus klassiklərinin əsərləri də əhəmiyyətli yer tutmuşdur.

Bülbülün yaradıcılığı Azərbaycan vokal sənətinin inkişafında mühüm rol oynamışdır. Geniş səs imkanlarına malik olan müğənninin ifaçılığında milli vokal üslubu ilə italyan vokal ənənələri üzvi şəkildə birləşmişdir. O, Azərbaycan vokal musiqi ənənələrinin tədqiqi, rus və Avropa opera mədəniyyəti ilə bu ənənələrin sintezi və sair məsələlərə aid bir çox əsərin müəllifidir.

1932-ci ildə Bülbülün təşəbbüsü və rəhbərliyi ilə Azərbaycan Dövlət Konservatoriyası nəzdində xalq musiqisini öyrənən Elmi-təhqiqat Kabineti yaradılmışdır. Kabinetin fəaliyyəti nəticəsində onun redaktəsi ilə “Əlli Azərbaycan el mahnısı” (1938) və “Azərbaycan xalq mahnıları” (1956) topluları çap edilmişdir. Bülbül ölkənin bir çox şəhərlərində, həmçinin xarici qastrolda olmuşdur. Azərbaycan  Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbi onun adını daşıyır. Bakı küçələrinin birinə Bülbülün adı verilmişdir.

Azərbaycan SSR Ali Sovetinin (I və V çağırışı) deputatı olmuşdur. İki dəfə “Lenin” ordeni, iki “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordeni, İtaliyanın Qaribaldi ordeni, həmçinin medallarla təltif edilmişdir.
7
Bədəlbəyli Fərhad Şəmsi oğlu (1947) pianoçu. Respublika Lenin komsomolu mükafatı laureatı (1986), SSRİ xalq artisti (1990). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsini (1969) və P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasını (1971) bitirmişdir.



İstedadlı musiqiçi pianoçuların B.Smetana adına (1967, Qradeste-Kralove şəhəri, Çexoslovakiya, III mükafat) və J.Vianno da Montita adına (1968, Lissabon şəhəri, Portuqaliya, I mükafat) beynəlxalq müsabiqələrinin laureatıdır. Repertuarına əsasən İ.S.Bax, F.Şopen, F.List, S.Raxmaninov, A.Skryabin, S.Prokofyev, G.Sen-Sans, C.Kerşvin, D.Şostakoviç, Q.Qarayev, F.Əmirov, T.Quliyev və başqa bəstəkarların əsərləri daxildir. O, Fransa, İtaliya, Danimarka, Portuqaliya, Finlandiya, İsveçrə, Norveç, Yunanıstan, İsrail, Tunis, Türkiyə, Çexoslovakiya, Yuqoslaviya, Kuba və dünyanın bir çox başqa ölkələrində qastrol səfərlərdə olmuşdur.

Musiqi təşkilatçılıq işi, maarifçilik onun ikinci fəaliyyət sahəsidir. 1986-1989-cu illərdə Fərhad Bədəlbəyli Azərbaycan musiqi cəmiyyəti idarə heyəti sədrinin birinci müavini kimi fəaliyyət göstərmiş, təşəbbüsü və səyi ilə yaradılmış Bakı İncəsənət Mərkəzinə rəhbərlik etmişdir (1987-1996). Azərbaycan Musiqi Xadimləri İttifaqının yaradıcısı və sədri (1989-cu ildən), Azərbaycan Mədəniyyətinin Dostları Fondunun üzvüdür (1995-ci ildən).

Fərhad Bədəlbəyli 1971-ci ildən konservatoriyada pedaqoji fəaliyyət göstərir, fortepiano sinfi üzrə dərs deyir. 1976-cı ildən dosent, 1985-ci ildən professor, 1991-ci ildən isə rektor vəzifəsində çalışır. “Şöhrət” ordeni ilə təltif edilmişdir.
6
Bədəlbəyli Əfrasiyab Bədəlbəy oğlu (1907 – 1976) Bəstəkar, dirijor, musiqişünas, librettoçu. Respublikanın  əməkdar incəsənət xadimi (1940), Azərbaycan SSR xalq artisti (1960).  Dövlət Türk Musiqi texnikumunda violençel ixtisası üzrə təhsil almış, eyni zamanda ADU-nun şərq fakültəsini bitirmişdir (1930).



Ötən əsrin iyirminci illərinin sonlarında Cəfər Cabbarlının “Od gəlini”, “Sevil”, 1905-ci ildə “Yaşar”, Mirzə Fətəli Axundovun  “Hacı Qara”, “Müsyo Jordan və Məstəli şah” pyeslərinə musiqi bəstələmişdir.

1938-ci ildə N.Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasının nəzdindəki musiqi texnikumunun bəstəkarlıq şöbəsini bitirib, Bakıya qayıtmışdır. O, ilk milli Azərbaycan baleti – “Qız Qalası”nın (1940), “Xalq qəzəbi” (1941), “Nizami” (1948), “Söyüdlər ağlamaz”(1971) operalarının, simfonik  poemaların, xalq çalğı alətləri orkestri üçün “Simfoniyetta”nın (1954) müəllifidir. Bir çox dram tamaşalarına dirijorluq etmişdir.

1930-cu ildən ömrünün sonunadək M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet teatrının dirijoru olmuşdur. Repertuarında Avropa, rus,    eləcə də Azərbaycan bəstəkarlarının əsərləri – “Aida və Riqoletta”, “Toska”, “Leyli və Məcnun”, “Sevil”, “Vaqif” operaları, “Sonalar gölü”, “Raymonda”, “Gülşən” baletləri və sair əsas yer tutmuşdur.

Böyük Vətən müharibəsi illərində Əfrasiyab Bədəlbəyli bəstəkarlıq-dirijorluq fəaliyyətinini M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında davam etdirmiş, bu musiqi şöbəsinin direktoru və bədii rəhbəri olmuş, Azərbaycan Radio Komitəsinin musiqi redaksiyasına başçılıq etmişdir. Azərbaycan musiqi sənətinin təbliğçisi və publisist kimi tanınmış Əfrasiyab Bədəlbəyli ədəbiyyatçı kimi də böyük nüfuza malik olmuş, respublika mətbuatında resenziya, tənqidi və problematik məqalələrlə çıxış etmişdir. O,  Azərbaycan xor cəmiyyətinin sədri, “Elm və həyat” jurnalının, “Ədəbiyyat və incəsənət” qəzetinim redaksiya heyətinin üzvü olmuşdur. “Musiqi haqqında söhbət”, “Qurban Pirimov”, “İzahlı monoqrafik musiqi lüğəti”, “Musiqi terminləri lüğəti”, “M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrı” kitabları nəşr edilmişdir. “Qırmızı Əmək Bayrağı” və “Şərəf nişanı” ordenləri, bir sıra medallarla təltif edilmişdir. L.Karagiçeva onun haqqında “Əfrasiyab Bədəlbəyli” adlı monoqrafiya yazmışdır. Bakıdakı 23 nömrəli musiqi məktəbi onun adını daşıyır.
11
Cabbar Qaryağdıoğlu (1861 – 1944) xanəndə, musiqi xadimi. Azərbaycanın xanəndəlik sənətinin ən görkəmli nümayəndələrindən biri. AzərbaycanSSR xalqartisri (1935). Xanəndəlik sənətinə həvəsi  uşaqlıqdan oyanmış, ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Cabbar Qaryağdıoğlu muğam, dəstgah, təsnif və mahnılarını xalq şənliklərində məharətlə oxumuş və tezliklə Qarabağda şöhrət qazanmışdır.



Əbdürrəhim bəy Haqverdiyevin hazırladığı “Məcnun Leylinin məzarı üstündə” musiqili səhnəsində Məcnun rolunu ifa etmişdir. Bir müddət tarzən Sadıqcanın sazəndələr dəstəsi ilə çıxış etmiş, sonralar isə məşhur xanəndə kimi Bakı, Gəncə, Şamaxı, Ağdam şəhərlərinə də dəvət  olunmuşdur. 1900-1905-ci illərdə o, tarzən M.F.Rzayev və kamançaçalan M.Qulu ilə Bakıda uğurla çıxış etmişdir. 1905-ci ildə Cabbar Qaryağdıoğlu tarzən Qurban Pirimov və kamançaçalan  Saşa Oqanezaşvilidən ibarət trio yaratmışdır. 1906-1912-ci illərdə “Qrammofon”, “Sportrekord”, “Ekstrafon” aksioner cəmiyyətləri tərəfindən Kiyev, Moskva və Varşavada səsi qrammofon valına yazılmışdır. 1912-ci ildə Varşavadan qayıdarkən  Moskvada “Şərq konsertləri “ vermişdir. Xanəndə “Kürd-Şahnaz”, “Mahur”, “Bayatı-Qacar”, “Heyratı”, xüsusilə, “Mənsuriyyə” muğamını müstəsna ustalıqla  ifa etmişdir.  Repertuarına daxil etdiyi gürcü, türkmən, özbək, fars mahnılarını da həmin dillərdə oxumuşdur.

Cabbar Qaryağdıoğlu Azərbaycan Dövlət Konservatoriyasının yaradıcılarından biri olmuş,  burda klassik  xalq musiqisindən dərs demiş, gənc kadrların  yetişdirilməsində  böyük  işlər görmüşdür. Onun  ifasında konservatoriya nəzdindəki Bülbülün rəhbərlik etdiyi xalq musiqisini öyrənən elmi-tədqiqat kabinetində üç yüzə yaxın mahnı və təsnif, təxminən yetmiş xalq musiqi parçası lentə yazılmış, Səid Rüstəmov  isə əllı xalq mahnısını nota köçürmüşdür. Cabbar Qaryağdıoğlu öz şer və qəzəllərinə, eləcə də başqa şairlərin sözlərinə otuzdan artıq mahnı bəstələmişdir.  O, 1934-cü ildə Firdovsinin 1000 illik yubileyi münasibətilə altı musiqi parçası hazırlamışdı. Xanəndə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan radiosunun solisti  olmuşdur.

Cabbar Qaryağdıoğlu  fitri istedada, zil və olduqca güclü, gözəl tembrli, geniş diapazonlu, yüksək tenor səsə, qeyri-adi musiqi hafizəsinə malik sənətkar idi. Onu məşhur italyan müğənnisi E.Karuzo ilə müqayisə etmişlər.  Xanəndə klassik xalq musiqisindən istifadə edən bəstəkarlara, Azərbaycan bəstəkarlarına yaradıcılıq köməyi göstərmişdir. O, bir çox muğamlara yeni hissələr, xallar əlavə etmişdir.  Cabbar Qaryağdıoğlu  xeyriyyə məqsədilə konsertlər vermiş, musiqi və mədəniyyət xadimlərinə maddi yardım göstərmişdir. O, Gürcüstanda, Orta Asiyada və Yaxın Şərqdə də tanınmışdı. F.Şalyagin və S.Yeseninlə tanış olmuşdur. S.Yesenin onu  “Şərq musiqisinin peyğəmbəri” adlandırmışdır. Onun “Azərbaycan musiqisinin keçmişi haqqında xatirələr” əlyazmasında  on doqquzuncu əsrin  xanəndə və musiqiçilərindən, muğamların tarixindən, təsnif  və mahnılardan bəhs edilir. Görkəmli xanəndə və müğənnilərdən S.Şuşınski, X.Şuşınski, Bülbül, Z.Adıgözəlov, Y.Kələntərli, S.Qacar, H.Kələntərli və başqaları  Cabbar Qaryağdıoğlu  məktəbinin davamçıları olmuşlar.

“Şərəf  nişanı” ordeni və medallarla təltif edilmişdir.
DIGITAL CAMERA
Hacı Hüsü Niftalı oğlu (1839 – 1898) xanəndə. Qafqazda, yaxın və Orta Şərqdə məşhur xanəndə kimi tanınmışdır. İlk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdır. Burda o, musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənmişdir.



Zil və incə səsi olan Hacı Hüsü xüsusilə  “Mahur”  muğamının klassik ifaçısı oımuşdur. Onun ustad bir xanəndə kimi yetişməsində tarzən Mirzə Ələsgər, kamançaçı Qaraçı Hacıbəy, qoşa nağarada çalan Qapançı oğlu Kərim böyük rol oynamışdır. Hacı Hüsü həm də musiqişünas və gözəl bir müəllim kimi Mir Möhsün Nəvvabla birlikdə Şuşada “Musiqiçilər məclisi”nin əsasını qoymuşdur.  Hacı Hüsü “Rast”, “Şur”, “Mahur” muğamları əsasında təsniflər yaratmışdır. O, eyni zamanda, bir neçə muğamın yaradıcısıdır. Xanəndə Xan qızı Natəvanın  sarayındakı məclislərdə də iştirak etmiş, şamaxılı Mahmud ağa və bakılı Məşədi Məlik Mənsurov tərəfindən məclislərə dəvət olunmuşdur.  Hacı Hüsünün  səsi hərtərəfli tembr gözəlliyinə, zəngin yaradıcılıq diapazonuna malik olmuşdur. O, 1898-ci ildə Aşqabad şəhərində vəfat etmişdir.
19
Hacıbəyov Soltan İsmayıl oğlu (1919 – 1974) bəstəkar, pedaqoq, SSRİ xalq artisti (1973), SSRİ Dövlət mükafatı laureatı (1952), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970).  Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini bitirmiş,  burda Ü.Hacıbəyov, B.İ.Zeydman və başqalarından dərs  almışdır. O,  1947-ci ildə Mockva konservatoriyasında D.D. Şostakoviçin sinfində təcrübə keçmişdir.



Soltan Hacıbəyov Azərbaycan Musiqili Komediya Teatrının dirijoru (1938-1940), “Sazçı” qızlar ansamblı (1940-1942) və Azərbaycan Dövlət Filarmoniyasının (1948-1962) bədii rəhbəri və direktoru, Azərbaycan Bəstəkarlar İttifaqı İdarə Heyətinin  katibi  (1953-1968) və SSRİ Bəstəkarlar İttifaqı İdarə Heyətinin  (1958-ci ildən) üzvü olmuşdur. O, 1948-ci ildən konservatoriyada pedaqoji  fəaliyyət göstərmişdir  (1964-cü ildən professor, 1969-1974-cü illərdə rektor).

Soltan Hacıbəyovun yaradıcılığı xalq sənəti və Ü.Hacıbəyov musiqisi, eləcə də dünya klassik musiqi təcrübəsi zəminində formalaşmışdır. Bəstəkarın yaradıcılığında simfonik musiqi janrı əsas yer tumuşdur. Onun 1-ci və 2-ci simfoniyaları Böyük Vətən müharibəsi mövzusuna həsr olunmuşdur. “Karvan” simfonik lövhəsində o, musiqi vasitəsilə dinləyicilərdə  konkret mənzərə haqqında  təsəvvür  yaradır. Orkestr üçün üvertürası (1956) və konsertində (1964) müasir həyatın inkişafı dinamik şəkildə verilmişdir. S.Hacıbəyov bir sıra mahnı və romansların, dram tamaşalarına musiqisinin müəllifidir.

“Qırmızı Əmək Bayrağı “ ordeni və medallarla təltif  olunmuşdur.
20
Hacıbəyov Üzeyir Əbdülhüseyn oğlu (1885 – 1948) bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim. Müasir Azərbaycan professional musiqisinin və milli operasının banisi, Şərqdə ilk operanın yaradıcısı.

SSRİ xalq artisti (1938), Azərbaycan SSR Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Stalin mükafatı laureatı (1941,1946), Azərbaycan Bəstəkarlar İttifaqının sədri(1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan SSR Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru (1945-1948).

Üzeyir Hacıbəyov 1908-ci ilin yanvarın 12-də Bakıda H.Z.Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda yox, bütün müsəlman şərqində opera sənətinin əsasını qoymuşdur. O, operasının librettosunu Füzulinin eyniadlı poeması əsasında yazmışdır. Üzeyir bəy bu ilk operasında feodal-patriarxal mühitin mühafizəkar adət və ənənəsinə qarşı çıxmışdır. Operanın musiqisi, əsasən, muğam və təsniflər üzərində qurulmuşdur. Operada muğamlardan məharətlə, müəyyən səhnənin obrazın xüsusiyyətinə uyğun istifadə olunmuş, onlar əsərdə ariya, ariozo və ansamblları əvəz etməklə dramaturji əhəmiyyət kəsb etmişdir. Üzeyir Hacıbəyov 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Zöhrab” (1910), “Şah Abbas və Xurşudbanu” (1912), “ Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operalarını bəstələmişdir. Bu operaların librettolarını Üzeyir bəy xalq dastanları və rəvayətlər, Firdovsinin “Şahnamə” əsərinin motivləri əasında yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirmişdir. Bəstəkar “Şeyx Sənan”da muğamlara ad da vermiş, musiqinin böyük qismini özü bəstələmişdir. Xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında Üzeyir bəy muğamla bərabər aşıq musiqisindən də istifadə etmişdir.

Azərbaycan musiqisinin xüsusiyyətlərinin Üzeyir bəy Hacıbəyov tərəfindən dərin elmi təhlili musiqi dilinin və ümumiyyətlə, musiqimizin inkişafı üçün qüvvətli nəzəri əsas olmuşdur. O, həm də böyük musiqişünas alim idi.Üzeyir bəy müasir Azərbaycan milli musiqişünaslığının əsasını qoymuş, musiqiyə dair çoxlu məqalələr yazmış, tədqiqatlar aparmışdır. “Azərbaycan xalq musiqisinin əsasları”(1945) fundamental tədqiqat əsərində o, xalq musiqisinin nümunə və formalarının dərin təhlilinə əsaslanaraq qədim tarixə malik Azərbaycan musiqisinin qanunauyğunluqlarını, milli xüsusiyyətlərini göstərmişdir. Bəstəkarın nəzəriyyədə irəli sürdüyü məsələlər onun yaradıcılığında praktiki həllini tapmışdır (Azərbaycan musiqisində çoxsəsliliyin geniş tətbiqi, milli major əsası ilə major-minor sisteminin üzvi vəhdəti və sair). Azərbaycan musiqisində realizm, xəlqilik və beynəlmiləlçilik kimi problemlərin ciddi tədqiqi də Üzeyir bəyin adı ilə bağlıdır. O, istedadlı bəstəkarlar, musiqişünaslar nəsli yetişdirmişdir. Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Soltan Hacıbəyov və başqaları Üzeyir bəy Hacıbəyovun tələbələri olmuşlar.

Üzeyir bəy Hacıbəyovun formaca milli, ruhən beynəlmiləl musiqisi ümumdünya şöhrəti qazanmış, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olmuşdur. T. Xrennikov, Q.Qarayev kimi görkəmli musiqi xadimləri Üzeyir bəy sənətkarlığından bəhs edərkən bəstəkarı Sovet musiqisinin gələcək inkişafına təsir göstərən sənətkar kimi qiymətləndirmişlər. T.Xrennikov onu “professional Şərq musiqisinin atası” adlandırmışdır. Üzeyir bəy Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, rus, ukrayna, belarus, gürcü və sair dillərə tərcümə edilmiş, bir çox şəhərlərdə, o cümlədən Moskva, Nyu-York, Paris, London,Tehran, İstanbul, Qahirə , Pekin, Berlin, Varşava, Sofiya, Budapeşt, Buxarest və sair yerlərdə tamaşaya qoyulmuşdur. “O olmasın, bu olsun” musiqili komediyası Zaqafqaziyada, Dağıstan, Orta Asiya , Türkiyə, Bolqarıstan, İran və Yəməndə, “Koroğlu” operası isə Aşqabadda (1939, türkmən dilində), Daşkənddə (1950, özbək dilində) və sair şəhərlərdə səhnəyə qoyulmuşdur. Onun “Arşın mal alan” musiqli komediyası 1916-cı il (rejissor Belyanov), 1917–ci il (rejissor B. Svetlov), 1945-ci il (rejissor R.Təhmasib, N.Luşşenko) və 1965-ci (rejissor T.Tağızadə) illərdə, “O olmasın, bu olsun” (rejissor H.Seyidzadə), 1956-ci ildə ekranlaşdırılmışdır. “Arşın mal alan” (1945) filminin bir qrup yaradıcısı və iştirakçısı, o cümlədən, müəllif Stalin mükafatına layiq görülmüşdür. “Arşın mal alan”ın motivləri üzrə ABŞ-da (1937) film çəkilmişdir.

Üzeyir bəy Hacıbəyov SSRİ Ali Sovetinin deputatı (1-ci və 2-ci çağırışı) olmuşdur. O, bir sıra orden və medallarla təltif edilmiş, Azərbaycan Dövlət Konservatoriyasına (1949) və Azərbaycan Dövlət Simfonik orkestrinə (1944) Üzeyir bəy Hacıbəyovun adı verilmişdir. 1966-1970-ci illərdə Azərbaycanda Üzeyir bəy Hacıbəyov adına Respublika Dövlət mükafatı təsis edilmişdir. Şuşada (1965) və Bakıda (1975) onun ev-muzeyi açılmışdır. Bakıda (1960, tunc, qranit, heykəltəraş T.Məmmədov) və Şuşada (1985, tunc, qranit, heykəltəraş Ə.Saxinov) büstü ucaldılmışdır. F.Əmirov skripkalar, violençel və fortepiano üçün “Üzeyir Hacıbəyova ithaf” (1949) poemasını yazmışdır. “Azərbaycanfilm” kinostudiyasında ikiseriyalı “Üzeyir ömrü” (1982, ssenari müəllifi və quruluşçu rejissoru Anar) rəngli bədii televiziya filmi çəkilmişdir. 1983-1985-ci illərdə Üzeyir bəy Hacıbəyovun musiqi əsərlərinin akademik nəşrinin 1-3-cü cildləri (“Leyli və Məcnun” operasının partiturası və klaviri, “Koroğlu operasının 1-3-cü pərdəsinin partiturası) çap edilmişdir.

Üzeyir bəy Hacıbəyovun anadan olmasının 100, 110, 120, 125 illik yubileyləri böyük təntənə ilə keçirilmiş, dünyanın bir sıra şəhərlərində yubiley gecəsi təşkil olunmuşdur. YUNESKO-nun qərarı ilə bəstəkarın 120 illik yubileyi beynəlxalq miqyasda qeyd edilmişdir.
21
Hacıbəyov Zülfüqar Əbdülhüseyn oğlu (1884 – 1950) Bəstəkar, əməkdar incəsənət xadimi (1943). Ü.Hacıbəyov, M.Maqomayev, H.Sarabski ilə birlikdə Azərbaycan musiqi mədəniyyətinin inkişafı uğrunda fəal mübarizə aparmışdır. İlk Azərbaycan operalarından olan “Aşıq Qərib” (1915) operasında muğamlara əsaslanmış musiqi folkloru formaları ilə Avropa musiqi janrlarını əlaqələndirməyə çalışmışdır.



O, öz librettoları üzrə yazdığı “Əlli yaşında cavan” (1909) , “On bir yaşında gəlin” (1911), “Evliykən subay” (1911) musiqili komediyalarında inqilaba qədərki Azərbaycan məişətindəki eybəcərlikləri, xüsusilə, qadın hüquqsuzluğunu ifşa etmiş, dövrünün haqsızlıqlarını açıb göstərmişdir. Komediyalarının musiqiçi sadəliyi və aydınlığı, eləcə də, dramaturgiyasına görə fərqlənir. Zülfüqar Hacıbəyov ötən əsrin iyirmi-otuzuncu illərində bir sıra mahnı ( “Kənd qızı”, “Çoban qızı”, “Əsgər nəğməsi “ və sair), simfonik orkestr, nəfəs alətləri və xalq çalğı alətləri üçün əsərlər yazmışdır. O, bir kantatanın, dram tamaşalarına, “Almas” kinofilminə musiqinin, tamamlanmamış “Nüşabə” və “Üç aşıq” (“Məlikməmməd”) operalarının müəllifidir.

“Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir.
22
Hacıbəyov-Tağızadə Niyazi Zülfüqar oğlu (1912 – 1984) bəstəkar, dirijor, ictimai xadim, SSRİ xalq artisti (1959), Sosialist Əməyi Qəhrəmanı (1982). Dirijorların Ümumittifaq baxışının laureatı (1946), SSRİ Dövlət mükafatı laureatı (1951, 1952) qalır.



Beynəlxalq Hehru mükafatı laureatı (1974). 1926-1931-ci illərdə Moskvada nesinlər adına Musiqi texnikumunda və İrəvan konservatoriyasında, 1933-1934-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasının aspiranturasında oxumuşdur. Onun musiqiçi kimi formalaşmasında Ü.Hacıbəyovun böyük rolu olmuşdur. Niyazi  Azərbaycan simfonik orkestrinin təşkilində fəal iştirak  etmişdir. 1938-ci ildən fasilələrlə orkestrin bədii rəhbəri və baş dirijoru olmuşdur. Onun ifaçılıq fəaliyyəti həmçinin Azərbaycan Dövlət Akademik  Opera və  Balet Teatrı ilə bağlıdır. Niyazi teatrın dirijoru (1937-1948; 1951-1952), direktoru, bədii rəhbəri və baş dirijoru  (1958-1959; 1961-1965), 1961-ci ildə isə Leninqrad Opera və  Balet Teatrının baş dirijoru olmuşdur.  1979-cu ildən Azərbaycan Dövlət Filarmoniyasının direktoru idi.

Niyazi bəstəkarlıq və dirijorluq fəaliyyətinə  ötən əsrin otuzuncu illərindən başlamışdır. Xüsusi istedada malik olan  Niyazinin dirijorluğu üçün  yüksək musiqi mədəniyyəti, dərin epudusiya, güclü iradə səciyyəvidir. Onun interpretasiyasında klassik və müasir əsərlər ideya-emosional məzmunu cəhətdən dolğun ifadəli və yüksək temperamentli səslənir. Niyazinin repertuarında  Qərbi Avropa, rus klassiklərinin, xarici ölkə bəstəkarlarının əsərləri mühüm yer tutur. Azərbaycan ifaçılıq sənətinin inkişafında, milli musiqinin təbliğində onun xidməti böyükdür. Niyazi Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyaların ilk ifaşısı olmuş, bu əsərlərin şərh edilməsində özünəməxsus orijinal ifaçılıq üslubu yaratmışdır. Azərbaycan dirijorluq məktəbinin formalaşması, inkişafı onun adı ilə bağlıdır. Onun traktovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən, Ü.Hacıbəyovun “Koroğlu” operası dünya musiqisinin qızıl fonduna daxildir.

Azərbaycan musiqisində ilk simfonik əsərlərin müəlliflərindən olan Niyazi milli simfonizmin  tərənnümü və inkişafında əhəmiyyətli rol oynamışdır. Onun “Rast” (1949) simfonik muğamı  dramaturji bitkinliyi, güclü emosional təsiri, zəngin melodikası, xüsusilə,  harmonik dilinin rəvanlığı və ifadəliliyi ilə fərqlənir.

Niyazi Azərbaycan musiqisinin ifaçılıq problemlərinə dair  məqalələr müəllifidir.Xarici ölkələrdə qastrollarda çox olmuşdur. Ali Sovetin deputatı seçilmişdir. İki dəfə “Lenin”, “Oktyabr inqilabı”, “Qırmızı Əmək Bayrağı”, “Şərəf  nişanı” ordenləri və medallarıla təltif edilmişdir.
23
Hüseynov Fərhəng Rəhim oğlu (1949) skripkaçı, bəstəkar, professor (1993), Azərbaycan Respublikasının Əməkdar artisti (2009), Bülbül adına Bakı Orta İxtisas Musiqi məktəbini bitirmiş (1968), Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdur.



Burda oxuyarkən (Fərəc Qarayevin sinfində) SSRİ xalq artisti Qara Qarayevin məsləhəti ilə üçüncü kursdan təhsilini Moskva konservatoriyasında davam etdirmiş, oranı skripka və bəstəkarlıq üzrə bitirmişdir (1975). Tələbə ikən Qərbi Berlində keçirilən Gerberin fon Karayan adına müsabiqədə (1972) konservatoriyanın orkestrinin heyətində çıxış etmiş, qızıl medala layiq görülmüşdür. Sovet ordusu sıralarında olarkən (1975-1976) musiqi fəaliyyətini hərbi orkestrdə davam etdirmişdir. Hərbi xidmətini başa vurandan sonra bir müddət Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında assistent-stajyor işləmiş, 1976-1978-ci illərdə Moskva Konservatoriyasının aspiranturasında oxumuşdur. Aspiranturanı bitirəndən sonra Bakıya qayıdaraq konservatoriyada çalışmışdır.

Bakıda və Moskvada mükəmməl konservatoriya təhsili alan Fərhəng  Hüseynov rəngarəng üslub palitrasına, forma və tembr duyumuna malik bəstəkardır. O, bir çox skripka, fortepiano üçün sonataların, simli kvartetin,  skripka üçün pyeslərin, kantataların, opera, balet, oratoriyaların , kino musiqisinin müəllifidir. Əsərləri Almaniya, İsveçrə, Amerika Birləşmiş Ştatları, Rusiya, Türkiyə, Yaponiya və başqa ölkələrdə uğurla ifa olunmuşdur. İstedadlı musiqiçi bir çox beynəlxalq müsabiqələrdə solist, kvartet və orkestr ifaçısı kimi tanınmışdır.

1991-ci ildə Fərhəng  Hüseynov YUNESKO-nun təşəbbüsü ilə Yaponiyada simfonik əsərlərin “İpək yolu” beynəlxalq musiqi festivalında iştirak etmiş, “Zaman üzrə səyahət” adlı bir hissəli konserti müxtəlif ölkələrdən təqdim olunmuş 178 əsər arasında üçüncü mükafata layiq görülmüşdür. Bu əsərdə çoxmilli koloriti Avropa, Azərbaycan, Yapon, Çin musiqisinin melodik, ritmik tembr cizgilərini bir məcraya gətirən bəstəkar vahid bir musiqi mənzərəsi yaratmağa müvəffəq olmuşdur. Bu tamaşadan sonra müəllifi beynəlxalq səviyyədə “ulduz” kimi  tanımağa başlamışlar. Konsertə baxan Yaponiyanın tanınmış musiqiçisi və iş adamı, xanım  Eyko Aoki bəstəkara yapon mövzusunda opera yazmağı təklif etmiş və o, qəhrəman yapon dənizçisinin həyatından bəhs edən “Kodayu” adlı opera (ssenari müəllifi Eyko Aoki, rejissor Piteru Asaxika, əsas rollarda Futori Kadsida, rusiyalı Valentina Uidiniova) yazmışdır. Əsərin ilk tamaşası 1993-cü ildə Tokioda uğurla göstərilmiş, televiziya ilə birbaşa transliyasiya edilmiş və kompakt diskə yazılmışdır. Operada bəstəkar yapon klassik musiqisi ilə rus klassik opera üslubunun ənənələrini uzlaşdıraraq məlahətli melodiyaları ilə yaddaqalan musiqi obrazları yaratmışdır. Əsər Yaponiyanın ilk “Romeo və Cülyetta”sı adlandırılmışdır. Opera Yaponiya ilə Azərbaycanın mədəniyyət tarixinə unudulmaz səhifə yazmaqla bu iki ölkənin musiqi əlaqələrinin təməl daşını qoymuşdur.

1992-ci ildən Türkiyənin Ədənə şəhərində yaşayan Fərhəng  Hüseynov Çukuroba universitetinin Dövlət Konservatoriyasında Yaylı Sazlar Bölüm başkanı vəzifəsində çalışır, gənc musiqiçilərə və bəstəkarlara dərs deyir. Bir neçə il əvvəl o, Mersin Opera və Balet Teatrının sifarişi ilə əsasını antik sujet təşkil edən “Aba kraliçası” baletini (libretto müəllifi Altay Bayram, baş xoreoqraf Şamil Terequlov) yazmışdır. Balet Türkiyədə 2005-2006-cı illər teatr mövsümünün ən yaxşı səhnə əsəri kimi qiymətləndirilmiş, ilk türk baleti kimi Mersin teatrının fəxri hesab edilmişdir.

Fərhəng Hüseynovun “Yer üzündə sülhə nail olunmalıdır” oratoriyası  isə Nyu-Yorkda “Dünyada Sülh Naminə Barış Cəmiyyəti”nin xüsusi “Zirvə” mükafatına layiq görülmüşdür.

Müasir Azərbaycan musiqi mədəniyyətinin istedadlı nümayəndəsi, virtuoz skripkaçı və istedadlı bəstəkar Fərhəng Hüseynovun adı səkkiz görkəmli Azərbaycan bəstəkarı ilə birlikdə Böyük Britaniyada nəşr edilmiş “Qroba” ensiklopediyasına düşmüşdür.
24
Keçəçi oğlu Məhəmməd Məşədi Xəlil oğlu (1864 – 1940) xanəndə. Kiçik yaşlarından atasının keçəçilik peşəsinə yiyələndiyindən xalq arasında “Keçəçi oğlu” adıyla məşhurlaşmışdır. Xarrat Qulunun musiqi məktəbində oxumuş, məşhur xanəndə Məşədi İsidən xalq musiqisinin əsaslarını mükəmməl surətdə öyrənmişdir.



Gənclik illərində Əbdürrəhim bəy Haqverdiyevin Xandəmirovun teatrında təşkil etdiyi teatr tamaşalarında və musiqili  səhnəciklərində iştirak etmişdir. 1902-ci ildə Bakıda verilən konsertlərin birində iştirak edən Keçəçi oğlu Məhəmməd  “Şüştər” muğamını çox böyük ustalıqla oxumuşdur. Həmin konsertdə o, C.Qaryağdıoğlu ilə birlikdə Füzulinin “Leyli və Məcnun” poemasından duet şəklində bir parçanı ifa etmişdir.

Keçəçi oğlu Məhəmməd 1904-cü ildə Bakıya köçmüş, burda Məşədi Zeynal Haqverdiyev və Qurban Pirimov kimi tarzənlərlə əməkdaşlıq etmişdir. 1912-ci ildə o, “Sport-Rekord” firmasının dəvətilə Varşavaya getmişdir. Varşavada Qurban Pirimov və Saşa Oqonezaşvilinin müşayiəti ilə ”Dəşti”, “Heyratı”, “Rahab”, “Kürdü-Şahnaz”, “Qarabağ şikəstəsi”, “Çoban bayatısı” muğamlarını,  bir neçə  təsnif  və mahnıları vala yazdırmışdır.
26
Mirzə Sadıq Əsəd oğlu (1846-1902) Musiqi mədəniyyəti tarixində müstəsna xidməti olan tarzən. Xarrat Qulu məktəbinin yetirməsidir. On səkkiz yaşında səsi batmışdır, lakin ruhdan düşməmiş, əvvəlcə tütək və ney, sonra isə kamança çalmağı öyrənmişdir.



Bir müddətdən sonra kamançanı buraxmış, tar çalmağa həvəsi artmışdı. Tarzən Ağa Mirzə Ələsgərin şagirdi olmuşdur. O özünün fitri istedad və qabiliyyəti nəticəsində az vaxtda müəllimini geridə qoymuş, məşhur bir tarzən kimi tanınmağa başlamışdır. “Sadıqcan” kimi şöhrət tapan gənc tarçalan Şuşada və Tiflisdə göstərilən teatr tamaşalarının fasilələrində çıxış etmiş və bununla da bütün Qafqazda şöhrət qazanmışdır.

Sadıqcan 1901-ci ildə Şuşada təşkil olunan ilk Şərq konsertində iştirak etmiş, tarçalanlar arasında ilk dəfə olaraq tarda solo “Mahur” çalmışdı. Novator tarzən 1870-1875-ci illər arasında İran tarı üzərində hərtərəfli rekonstruksiya aparmış, tarın quruluşunu dəyişmişdir. Tarın qolunda olan bir çox artıq pərdələri atıb, on yeddi pərdə saxlamış, tarın səsini gücləndirmək üçün birinci qoşa ağ simin və qoşa sarı simin hərəsindən bir oktava yuxarı zil səslənən iki cüt cingənə simi əlavə etmişdi. Tarın rezonansını artırmaq, həm də lazım gəldikdə səsləndirmək üçün sarı simdən bir oktava aşağı, yəni, bəm səslənən bir qalın sarı beş sim də artırmışdı. Bundan əlavə, tarın qolunun yuxarısında, yəni, kəlləyə yaxın yerdə əlavə pərdə bağlamaqla “lal barmaq” üsulunu da uzaq etmişdi. Sadıqcana qədər tarı adət üzrə diz üstündə qoyur, əyilərək çalırdılar. O isə bu primitiv qaydanı ləğv etmiş, ilk dəfə onu sinə üzərində əlində tutaraq çalmağa başlamışdı. Sadıqcandan əvvəl tarın bir simi vardı. O, tara altı sim də əlavə edərək sayını on birə çatdırmışdı. Tarzənin tar ifaçılığı qaydaları üzrə irəli sürdüyü bu yeniliklər eyni zamanda bütün Zaqafqaziyada və Orta Asiyada tarzənlər tərəfindən danışıqsız qəbul olunmuşdur. Onun yaratdığı yeni tar, yəni, Azərbaycan tarı çox az müddət içərisində bütün Qafqaz və Orta Asiyada mövcud olan primitiv, bir-simli, zəif səsli İran tarını sıxışdırıb, ortadan çıxarmışdır.

Tarın quruluşunda etdiyi bu yeniliklərlə o, tarın ifaçılıq texnikasını yüksək bir mərhələyə qaldırmışdır. Beləliklə, tar ifaçılıq sənətində bir musiqi aləti kimi daha mühüm rol oynamağa başlamışdır. Sadıqcanın tarını “sehrli tar”, özünü isə “ tarın atası” hesab etmişlər.

Sadıqcan Azərbaycan muğamında da bir sıra yeniliklər etmişdir. O, “Segah” muğamını inkişaf etdirərək tarın qoluna “Zabul” pərdəsini, “Mirzə Hüseyn segahı”na isə “Müxalif”i əlavə etmiş, “Mahur” muğamını inkişaf etdirmişdir. Azərbaycan musiqisi tarixində yeni bir səhifə açan Sadıqcanın sənətkarlığı gənc çalğıçılar və xanəndələr üçün məktəb olmuşdur.
25
Nəvvab Mir Möhsün Hacı Mirəhməd oğlu (1833 – 1918) şair, filoloq, rəssam, xəttat və musiqişünas. “Məclisi-fəramuşan” ədəbi məclisinə başçılıq etmiş, qiraətxana, “üsuli-cədid” məktəbi, mətbəə və cildxana açmışdır. Qarabağ şairlərindən bəhs edən “Təzkireyi-nəvvab” əsərinin müəllifidir.



Nəvvab rəssamlıq, xəttatlıq və kitab tərtibatı sahəsində də geniş fəaliyyət göstərmişdir. Onun Azərbaycan klassik musiqisi haqqındakı “Dər elmi musiqi vüzuh ül-ərqam” (“Musiqi elmində rəqəmlərin aydınlaşdırılması”, 1913) əsəri Azərbaycanda musiqiyə dair nəşr olunmuş ilk kitabdır. Əsərdə müəllif orta əsrlər müsəlman Şərqinin (Fərabi, İbn-Sina, Səfiəddin Urməvi, Əbdülqadir Marağayi) və antik dövrün (Platon, Aristotel) görkəmli filosof və musiqişünaslarının tədqiqatlarına əsaslanmış, musiqinin mənşəyi, musiqi estetikası, ifaçılıq problemləri, musiqinin dinləyicilərə emosional təsiri, onun şəfaverici xüsusiyyətləri haqqında məlumat vermişdir. Burda XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan musiqi ifaçılıq təcrübəsi ümumiləşdirilmiş, muğamların təsnifatı verilmiş və onlar orijinal sistemə salınmışdır. Bu sistem kitaba əlavə edilərək beş cədvəldə öz əksini tapmışdır.
27
Polad Bülbüloğlu (1945) bəstəkar, müğənni, Respublika Lenin komsomolu mükafatı laureatı (1970), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973), Azərbaycan SSR xalq artisti (1982). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1968; Q.Qarayevin sinfini).



Polad Bülbüloğlu dəfələrlə Ümumittifaq televiziyası mahnı müsabiqələrinin laureatı olmuşdur. O, mahnı bəstəkarı və öz mahnılarının ifaçısı kimi tanınmışdır. Bir sıra kinofilmlərə (“İstintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Baş müsahibə”, “Sevinc buxtası”, “Mən mahnı qoşuram”, “Qorxma mən səninləyəm”), dram tamaşalarına musiqinin, simfoniya, simfonik poema və sair əsərlərin müəllifidir. Dünyanın əksər xarici ölkələrində qastrolda olmuşdur.

Polad Bülbüloğlu Azərbaycan Respublikasının mədəniyyət naziri (1989-2006), Türksoyun sədri (1994-cü ildən) və bir müddət Milli Məclisin deputatı olmuşdur. Hazırda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiridir.
28
Şuşinski Seyid (1889 – 1965) xanəndə, musiqi xadimi, pedaqoq, Azərbaycanın xalq artisti (1956), respublikanın əməkdar müəllimi (1961). Məlahətli səsə malik olan Seyid Şuşinski  uşaq ikən dini mərasimlərdə və xalq  şənliklərində iştirak etmişdi. On beş yaşında oxumağa başlamışdı. 1907-ci ildə Şuşada Mir Möhsün Nəvvabın məktəbində təhsil almışdır.



Onun xanəndə kimi yetişməsində  Cabbar Qaryağdıoğlunun böyük rolu olmuşdur. 1911-ci ildə Tiflisdə verdiyi konsertdən sonra Zaqafqaziyada məşhurlaşmışdı. 1912-ci ildə Tiflisdə Cəlil Məmmədquluzadənin və Əlimirzə Nərimanovun təşəbbüsü ilə şəhərin azərbaycanlılar yaşayan hissəsində – “Şeytanbazar”da açılan “Auditoriya” klubunun təşkilinə yaxından kömək göstərmişdi. Klubun açılışı üçün burda Seyid Şuşınskinin rəhbərliyi ilə “Şərq konserti” təşkil olunmuş, o, konsertdən yığılan pulu kluba bağışlamışdı. Seyid Şuşinski  o vaxt Tiflisdə tamaşaya qoyulan Ü.Hacıbəyovun “Leyli və Məcnun” operasında İbn-Səlam, “O olmasın , bu olsun”, “Arşın mal alan “ musiqili komediyalarında Sərvər və Əsgər rollarını ifa etmişdir. O, Molla Nəsrəddin jurnalının nəşrinə, Azərbaycan teatrına və aktyorlara, kasıb tələbələrə maddi yardım göstərmişdir.  Seyid Şuşinski  1919-cu ildən Bakıda yaşamış, fəhlə klublarında konsertlər vermiş, mədəni-kütləvi  tədbirlərin iştirakçısı olmuş, teatr tamaşalarında, konsertlərdə çıxış etmişdir.



1921-1922-ci illərdə bir qrup musiqiçi ilə Qafqazın bəzi şəhərlərində konsertlər vermişdir. 1924-1926-cı  illərdə Azərbaycan Dövlət Dram Teatrının artisti olmuşdur. 1926-1933-cü illərdə  Azərbaycan Dövlət Konservatoriyasında xanəndəlik sənətindən dərs demişdir.  Seyid Şuşinski  1939-1960 –cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının, Azərbaycan radiosunun solisti olmuş, ömrünün son illərində isə  Azərbaycan Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləmişdir. A.Zeynallı adına musiqi  məktəbində dərs demişdir. O, gözəl musiqi yaddaşına və yüksək ifaçılıq mədəniyyətinə malik sənətkar olmuşdur. Bir çox muğamlara yeni guşələr, xallar, hissələr əlavə etmişdir. Seyid Şuşinski   muğamdan muğama və hətta ritmik muğama məharətlə keçməyi  bacaran xanəndə idi. Müğənnilərdən Həqiqət Rzayeva, Yavər Kələntərli, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, İslam Rzayev və başqaları  onun yetirmələridir. Keçmiş SSRİ-nin bir çox şəhərlərində və İranda konsertlər  vermişdir.

“Şərəf  nişanı” ordeni medallarla təltif edilmişdir.
29
Şuşinski Xan (1901 – 1979) xanəndə, Azərbaycanın xalq artisti (1943). Xanəndəliyə yeniyetmə yaşlarından başlamışdır. O, məşhur sənətkar İslam Abdullayevin şagirdi olmuşdur.



Müstəsna istedadlı, geniş diapazonlu, gur və məlahətli səsi, yüksək ifaçılıq mədəniyyəti sayəsində hələ gənclik illərində şöhrət qazanmışdı. Xan Şuşınski Azərbaycan muğamlarını zənginləşdirmiş, bir neçə  muğama yeni xallar, guşə və şöbələr əlavə etmişdir. Azərbaycan klassik xanəndələri ənənələrinin  layiqli davamçılarından biri olan  Xan Şuşinski oxuduğu muğamlarda zəngulələrdən məharətlə istifadə etmişdir.

Xanəndə 1939-cu ildən Bakıda yaşamış, həmin ildən Azərbaycan Dövlət Filarmoniyasına solist olmuşdur. Xan Şuşinski Böyük Vətən müharibəsi illərində döyüşçülərə mədəni xidmət göstərilməsində fəal iştirak etmişdir. O, 1944-cü ildə İranda qastrol səfərində olmuşdur. Xan Şuşinski  “Şuşanın dağları” , “Məndən gen gəzmə”, “Ay gözəl”   və sair mahnı və təsniflər bəstələmişdir.

Azərbaycan xanəndəlik sənəti tarixində özünəməxsus  məktəb yaratmış Xan Şuşinskinin repertuarında  “Mirzə Hüseyn” segahı,  “Şahnaz”, ”Qarabağ şikəstəsi”,  “Rast”, “Bayatı-Şiraz”,  “Qatar”,  “Mahur”,”Heyratı”, “Şur” və sair muğamlar, bir sıra təsniflər,   “Süsən sünbül”,  “Alma almaya bənzər”,  “Girdim yarın bağçasına”,  “Apardı sellər Saranı”  və sair  xalq mahnıları böyük  yer  tutmuşdur.  O, oxuduğu muğamların ruhuna uyğun qəzəl və qoşmalar seçmişdir.Türk, fars mahnıları da oxumuşdur. Xan Şuşinski  1959-cu ildə Moskvada keçirilmiş  “Azərbaycan  incəsənəti və ədəbiyyatı ongünlüyü”ndə uğurla çıxış etmişdir. O, həmçinin pedaqoji fəaliyyət göstərmişdir. Sara Qədimova, Şövkət Ələkbərova,  Əbülfət Əliyev, Yaqub Məmmədov və başqaları Xan Şuşinski məktəbinin davamçılarıdır.  O, keçmiş SSRİ-nin bir çox şəhərlərində konsertlərlə çıxış etmişdir.

“Şərəf  nişanı” ordeni və medallarla təltif edilmişdir.
empty
Zabul Qasım (1873-1927) peşəkar  xanəndə.  Xalq  arasında  “Zabul  Qasım”  adı  ilə  məşhurlaşmışdır.  Yatımlı  və  duzlu  səsi  vardı.  Əsasən,  “Səkili  bulaq”da,  “ Şırşır”da,  “Şəmilin  bağı”nda  və  Şuşanın  sair  səfalı  istirahət  yerlerində  oxuyurdu.



Zabul  Qasım  iyirminci  əsrin  əvvəllərində  Bakıda  bir  neçə  dəfə  konsert  vermişdi.  İlk  dəfə  1903-cü  il  yanvarın  27-də  H.Z.Tağıyevin  teatrında  verilən  “Şərq  konserti”ndə  o,  Cabbar  Qaryağdıoğlu,  Şəkili  Ələkbər  və  Seyid Mirbabayevlə  birlikdə  çıxış  etmiş,  “Zabul-Segah”ı  böyük  məharətlə  oxumuşdur. Bu  konsert  ona  böyük  uğur  gətirmişdir.  Həmin  dövrdə  çıxan “Kaspi”  qəzeti  xanəndənin  istedadını  yüksək  qiymətləndirmişdir. Onun  ifasında  zərif  guşələri  və  şirin  xalları  ilə  fərqlənən  bu muğam  sonrakı  xanəndələr  üçün  örnək  olmuşdur.

İstedadlı  xanəndə  opera  artisti  kimi  də  tanınmışdır. Onu  səhnəyə  ilk  dəfə  bəstəkar  Zülfüqar  bəy  Hacıbəyov gətirmişdir.  Zabul  Qasım  1913-cü  il avqustun  7-də  Şuşanın  yay  klubunda  tamaşaya  qoyulmuş  “Leyli  və  Məcnun”  operasında  Məcnunun  atası  rolunu  məharətlə  oynamışdı.

1914-cü  ildə  xanəndə  tarzən  Qurban  Pirimovun  və  kamançaçı  Saşa  Oqenazaşvilinin  müşayiəti  ilə  “Zabul-Segah”,  “ Bayatı-Şiraz”,  “Humayun”,  “Şur”,  “Mahur-Hindi”  muğamlarını  və  bir  neçə  təsnifi  Tiflisdə  “Sport-Rekord” şirkətində  vala  yazdırmışdır.

Ömrünün  son  illərində  o,  Şuşa  musiqi  məktəbində  muğamdan  dərs  demiş,  İncəsənət içşiləri  respublika  Həmkarlar  İttifaqı  Şurasının  sədri  vəzifəsində  çalışmışdır.
13
Əliverdibəyov Kazım Ağalar oğlu (1934) dirijor, Azərbaycan SSR əməkdar incəsənt xadimi (1978), professor (1991). Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki orta ixtisas musiqi məktəbinin xor dirijiorluğu sinfini, eyni zamanda skripka sinfini və konservatoriyanın xor dirijorluğu fakultəsini (1959) bitirmişdir. Hələ  tələbə ikən (1958) bəstəkar Süleyman Ələsgərovun dəvəti ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında işləməyə başlamışdır.



Gənc musiqiçi burda fransız bəstəkarı Burummenin “Markonun toyu” operettasını tamaşaya hazırlamışdır. Operettaya baxışdan sonra onu M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrına dirijor vəzifəsinə qəbul etmişlər (1960). Teatrda Ü.Hacıbəyovun “Leyli və Məcnun” operası istedadlı dirijorun ilk işi olmuşdur. Opera və balet teatrında çalışdığı dövrdə (1960-1996) “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”  operalarına, “Arşın mal alan”, “O olmasın, bu olsun” musiqili komediyalarına dirijorluq etmişdir. O, bir müddət (1988-1995) teatrın baş dirijoru olmuşdur.

Kazım Əliverdibəyov 1996-2006-cı illərdə Türkiyənin İzmir şəhərindəki konservatoriyada çalışmışdır. 2007-ci ildən opera teatrının və Bakı Musiqi Akademiyasının Opera Studiyasının professorudur. Prezident təqaüdçüsüdür (2008).
14
Əliverdibəyov Nazim Ağalar oğlu (1926 – 1986) bəstəkar. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. 1951-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində (1964-1986-cı illərdə bu məktəbin direktoru olmuşdur) və Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir.



O, 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə nümayiş etdirilməsi nəzərdə tutulan “Leyli və Məcnun” operasını harmonizasiya etmiş və orkestrləşdirmişdir. Bu gün də həmin orkestrləşmədən istifadə olunur.

Nazim Əliverdibəyov Üzeyir bəy Hacıbəyovun “Leyli və Məcnun” (1983) və “Koroğlu” (1985) operalarının nəşr edilmiş karikaturalarının  redaktoru olmuş, “Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarını yenidən orkestrləşdirmişdir.
15
Əliyev Əbülfət Əsəd oğlu (1926 – 1990) müğənni, Azərbaycan SSR xalq artisti (1964). Yaradıcılığa 1943-cü ildən başlamışdır. 1945-ci ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti olmuşdur. Məlahətli, xoş tembrli səsi olan müğənninin ifa tərzinə incə lirizm, emosionallıq xasdır. O, xüsusilə, muğam (“Segah”, “Humayun” və.sair) və təsniflərin ifasında milli vokal sənətinə xas müxtəlif vasitələrdən (guşə, zəngulə və sair) bacarıqla istifadə edirdi. 1956-1962-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”, Ü.Hacıbəyov) və Şah İsmayıl (“Şah İsmayıl”, M.Maqomayev) partiyalarını oxumuşdur. Keçmiş SSRİ-nin bir çox şəhərlərində, Qvineya, Qana, İran, Suriya, Livan, MƏR, ADR, PXR və sair ölkələrdə konsertlər vermişdi. İkinci Fəxri Xiyabanda dəfn edilmişdir.
12
Ələsgərov Süleyman Əyyub oğlu (1924 – 2000) bəstəkar, dirijor, pedaqoq, Azərbaycan SSR xalq artisti (1974), Ü.Hacıbəyov adına respublika mükafatı laureatı (1967). Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir (1948). A.Zeynallı adına Bakı Musiqi Məktəbinin direktoru, Azərbaycan SSR Mədəniyyət Nazirliyi İncəsənət şöbəsinin müdiri, Azərbaycan Dövlət Radio və Televiziyası xalq çalğı alətləri orkestrinin dirijoru, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, baş direktoru və sair vəzifələrdə işləmişdir (1949-1965).



Müxtəlif musiqi janrlarında əsərləri var. Süleyman Ələsgərovun yaradıcılığında operetta əsas yer tutur: “Ulduz”(1948), “Özümüz bilərik”(1962), “Olmadı elə, oldu belə”(1964), “Milyonçunun dilənçi oğlu”(1966), “Hardasan ay subaylıq”(1968), “Sevindik qız axtarır”(1970), “Həmişəxanım” (1971) və sair. “Ulduz” operettası 1964-cü ildə “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmış, bir çox şəhərlərdə, Bolqarıstanda tamaşaya qoyulmuşdur. Bəstəkar “Bahadır və Sona” (1961; N.Nərimanovun eyni adlı povesti əsasında) operasının, 4 kantata, 2 simfoniya, “Bayati-Şiraz” simfonik muğamının (1950), simfonik poema və suitaların, kamera-vokal və sair instrumental əsərlərin müəllifidir. Əmək adamlarına həsr olunmuş mahnıları, Azərbaycan xalq çalğı alətləri orkestri üçün yazdığı “Cəngi”, “Lirik pyeslər”, “Sözsüz mahnılar”, tar ilə orkestr üçün konsert və sair əsərləri var. Süleyman Ələsgərovun musiqisi  Azərbaycan xalq musiqisi intonasiyaları ilə sıx bağlıdır. Əsərləri üçün musiqi dilinin sadəliyi, səlisliyi, forma aydınlığı səciyyəvidir. 1956-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demişdir. 1971-ci ildən Azərbaycan xalq musiqisi kafedrasının müdiri, 1977-ci ildən professoru idi. “Şərəf nişanı” ordeni və medallarla təltif edimişdir.
16
Əmirov Məşədi Cəmil Əmiraslan oğlu (1875-1928) tarzən, müğənni, bəstəkar, dirijor. İlk təhsilini mədrəsədə almış, sonralar tar çalmağı öyrənmişdir. Onun bir musiqiçi kimi yetişməsində Mirmöhsün Nəvvabın musiqi məclisinin böyük təsiri olmuşdur.



Bir müddət Qarabağ, Şəki, Şirvanın toy məclislərində iştirak etmiş, 1907-ci ildə Gəncəyə köçmüşdür. Burda o, qarmon, kamança, skripka və pianoda çalmağı da öyrənmişdir. Gəncədə məşhur xanəndələr Məşədi Məmməd Fərzəliyevi, Malıbəyli Həmidi, Musa Şuşinskini, Seyid Şuşinskini, Bülbülü tarda müşayiət etmiş, bəzən özü də məclislərdə oxumuşdur. 1910-cu ildə Riqanın “Qrammofon” şirkətində Azərbaycan musiqiçiləri ilə birgə ifa etdiyi bir sıra muğam və mahnılar qrammofon valına yazılmışdır. İstedadlı xanəndə Şuşa, Gəncə, Tiflis və İrəvanda göstərilmiş opera tamaşalarında Məcnun, Kərəm (“Leyli və Məcnun”, “Əsli və Kərəm”), Qərib (“Aşıq Qərib”) rollarını oynamışdır. 1911-1912-ci illərdə İstanbulda musiqi təhsili almış, not savadına yiyələnmiş, Avropa musiqisi ilə yaxından tanış olmuşdur. Eyni zamanda o, burda verdiyi konsertlərdə klassik Azərbaycan muğam və təsniflərini oxumuş, tarda solo çalmış, İstanbul musiqi ictimaiyyəti qarşısında Qafqaz musiqisini nümayiş etdirmiş, dəfələrlə məruzə etmiş, Azərbaycan musiqisi tarixində ilk dəfə “Heyratı” muğamını nota salmış və çap etdirmişdir. İstanbulda ud çalmağı da öyrənmiş, bu aləti özü ilə Azərbaycana gətirmişdir. Məşədi Cəmil Əmirov “Seyfəl-mülk” operasının (1915) və “Namuslu qız” musiqili dramının (1923) müəllifidir. O, Sovet hakimiyyətinin ilk illərində mədəni quruculuq işlərində fəal iştirak etmiş, Gəncədə musiqi məktəbi təşkil edərək (1923) ömrünün sonunadək burda direktor və müəllim işləmişdir.
17
Əmirov Fikrət Məşədi Cəmil oğlu (1922 – 1984) bəstəkar, SSRİ xalq artisti (1965), SSRİ Dövlət mükafatı laureatı (1949), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). 1959-cu ildən Azərbaycan Bəstəkarlar İttifaqının, 1974-cü ildən isə SSRİ Bəstəkarlar İttifaqının katibi idi. Gəncə musiqi məktəbinin tar sinfini bitirmiş, 1938-1939-cu illərdə Bakı Musiqi məktəbində oxumuşdur. Böyük Vətən müharibəsinin iştirakçısıdır. 1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir. Azərbaycan Dövlət Filormoniyasının bədii rəhbəri (1947), Azərbaycan Opera və Balet teatrının direktoru (1956-1959) olmuşdur.



Fikrət Əmirovun yaradıcılığı musiqi sənətinin müxtəlif  janrlarını əhatə edir. “Ürəkçalanlar” (1944) və “Gözün aydın” (1946) musiqili komediyaları onun ilk səhnə əsərləridir. Bəstəkarın “Sevil” operası (1953) müasir mövzuda yazılmış operalar arasında görkəmli yer tutur. Lirik-psixoloji opera olan “Sevil”də qəhrəmanların taleyi inqilabi hadisələrlə sıx əlaqədə verilmişdir. Operada qəhrəmanın daxili aləmi, onun azadlığa-yeni həyata qovuşması parlaq musiqi dili ilə göstərilmişdir. “Sevil” operası Moskvada P.İ.Çaykovski adına konsert  zalında Ümumittifaq Radiosu və Televiziyasının simfonik orkestr xoru solistləri tərəfindən rus dilində ifa olunmuş (1963), Səmərqənddə tamaşaya qoyulmuş (1977) ekranlaşdırılmışdır (1970).

Fikrət Əmirovun simfonik yaradıcılığı rəngarəngdir. Fəlsəfi mahiyyət kəsb edən “Nizami” (1947) simli simfoniyası təsirliliyi, aydın və incə musiqi üslubu ilə fərqlənir. O, simfonik muğam janrının yaradıcısıdır. ”Şur” və “Kürd ovşarı” simfonik muğamlarını özünəməxsus bəstəkarlıq texnikası, yaradıcı təxəyyülü ilə zənginləşdirmiş, orkestr boyalarının əlvanlığına nail olmuşdur. “Gülüstan-Bayati-Şiraz” (1971) muğamında muğam şöbələrinin kontrast ardıcıllıq prinsipini saxlamış, melodikasını lirik lövhələrlə şərh edərək muğamı sərbəst inkişaf etdirmişdir. Fikrət Əmirovun simfonik muğamları muğam janrını simfonikləşdirmə baxımından əhəmiyyətlidir. Aşıq musiqi intonasiyalarını, xalq rəqslərinin oynaq, gümrah ruhunu ifadə edən “Azərbaycan suitası” (1950) kompozisiyasına görə simfonik muğamların suita-rapsodiya formasını xatırladan “Azərbaycan kapriççiosu” (1961), “Simfonik rəqslər” (1963), eləcə də “Azərbaycan qravürləri” (1977) bəstəkarın yaradıcılığında əhəmiyyətli yer tutur. Simfonik muğam ənənələrinin davamı olan “Nəsimi dastanı” (1973), xoreoqrafın poeması üçün faciəvi musiqi obrazları, dərin musiqi dramaturgiyası xarakterikdir. Onun “Xəzəri fəth edənlər” (1976) vokal xoreoqrafık poeması insanların fədakar əməyinə həsr olunmuşdur. Fikrət Əmirov instrumental konsert janrında yazan ilk Azərbaycan bəstəkarlarındandır.

Onun fortepiano, skripka ilə orkestr üçün ikiqat konsertində (1946) və fortepiano ilə xalq çalğı alətləri orkestri üçün konsertində (1947) xalq mahnı və rəqslərinin üslub xüsusiyyətlərindən sənətkarlıqla istifadə edilmişdir. Bəstəkar kamera-vokal və instrumental musiqi janrında da bir sıra maraqlı əsərlər bəstələmişdir. Fortepiano üçün 2 prelüd, 12 miniatür, Ü.Hacıbəyov və A.Zeynallının xatirəsinə həsr edilmiş, melodiyalar, variasiyalar, uşaq lövhələri, 2 ekspromt və sair instrumental əsərləri, “Ulduz”, “Gülərəm, gülsən”, “Azərbaycan elləri” və.s romans və mahnıları məşhurdur. Bir sıra dram tamaşalarına və kinofilmə musiqi bəstələmişdir.

Fikrət Əmirovun yaradıcılığı Azərbaycan musiqisinin inkişafında da mühüm yer tutur. Onun əsərlərində xalqın tarixi keçmişi və müasir həyatı dolğun əksini tapmışdır. Bəstəkarın musiqisi üçün dramatik, yumoristik obrazlar, xüsusilə, lirik-psixoloji lövhələr səciyyəvidir. Azərbaycan musiqi folklorunu dərindən duyan bəstəkarın əsərləri milli musiqiyə xas intonasiya və ritmlərlə zəngindir. Onun harmonik dilində Azərbaycan xalq musiqisinin məqam xüsusiyyətləri aydın hiss olunur. Yaradıcılığında Azərbaycan milli musiqi ənənələri ilə dünya musiqi mədəniyyətinin nailiyyətləri üzvi şəkildə birləşmişdir. Fikrət Əmirov Azərbaycan xalq musiqisindən bir çox nümunələri nota salmış və işləmişdir. O, ərəb musiqi intonasiyaları və ritmlərindən istifadə edərək “Min bir gecə” baletini yazmışdır (1979).

Fikrət Əmirovun əsərləri xüsusilə simfonik muğamları Niyazi, K.Rojdestvenski, L.Sitonovski, Ş.Münş, Ş.Abendrot kimi məşhur dirijorların repertuarına daxil olmuş, ölkənin və bir çox xarici ölkələrin konsert salonlarında səslənmişdir. Böyük bəstəkar Azərbaycan SSR Ali Sovetinin (4-cü və 9-cu çağırışı) deputatı olmuşdur. “Lenin” və 2 “Qirmızı Əmək Bayrağı” ordeni ilə təltif efilmişdir.

Azərbaycan Respublikası,
Şuşa Rayonu İcra Hakimiyyəti

Ünvan: AZ-1008, Bakı şəhəri,
N.Nərimanov rayonu,
G.Qədirbəyova küçəsi 9

Tel.: (+99412) 489-95-06
Faks: (+99412) 496-92-40

E-mail: shusharih@aztelekom.net
Bu layihə
Ermənistan silahlı
qüvvələri tərəfindən işğal
olunmuş Şuşa şəhərinə
həsr olunur
© 2012