Şuşanın qədim musiqi məktəbləri
Xarrat Qulunun məktəbi On doqquzuncu əsrin məşhur musiqişünası, klassik Şərq musiqisinin mahir bilicisi, şair Xarrat Qulunun yaratdığı məktəb dinə xidmət etmək məqsədilə açılmışdı. Bura səsi olan gənclər cəlb olunur, musiqi məclisləri keçirilir, iştirakçılara dini mərasimlərin, xüsusilə də, məhərrəmlik təziyyəsinin keçirilməsi üçün şəbih rollarında oynamaq, o cümlədən, Şərq musiqisinin əsasları, muğamlar, Azərbaycan el havalarını düzgün oxumaq qaydaları öyrədilirdi. Bu yığıncaqlar get-gedə sırf musiqi məclislərinə çevrilmiş, canlı musiqinin, xanəndənin və vokal sənətçinin inkişafında, Hacı Hüsü, Məşədi İsi, Dəli İsmayıl, Şahnaz Abbas, Əbdülbacı Zülalov, Sadıqcan, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu kimi bir sıra ustad sənətkarların yetişməsində mühüm rol oynamışdır.
Kor Xəlifənin məktəbi On doqquzuncu əsrin sonlarında Şuşada fəaliyyət göstərmiş dini xarakterli musiqi məktəbi (1883-1893). Məktəb şəhərdə xəlifə vəzifəsində çalışan və dini işlərə nəzarət edən “Kor Xəlifə” ləqəbli Molla Əli Molla Kəlbəli oğlu tərəfindən açılmışdır. Burada dini elmlər geniş tədris olunsa da, Şərq şairlərinin və mütəfəkkirlərinin əsərləri, klassik muğamlar, onları oxumaq qaydaları, xanəndəlik sənətinin incəlikləri, musiqi nəzəriyyəsi və praktikası, muğam oxumaq, tar, kamança və digər musiqi alətlərində çalmaq da öyrədilir, klassik musiqi əhali arasında geniş tətbiq olunur, şagirdlər kamil musiqişünas, ədəbiyyatçı kimi yetişirdilər. Məktəbdə tez-tez poeziya və muğam müsabiqələri də təşkil edilir, daha çox istedadı olan gənclər üzə çıxardılır, onları həvəsləndirmək üçün mükafat verilirdi. Onillik fəaliyyəti dövründə “Kor Xəlifə”nin məktəbi nəinki Qarabağda, həmçinin qonşu vilayətlərdə və İranda da tanınmışdı. Bu təhsil müəssisəsi Qarabağ əhalisinin mədəni inkişafına böyük təsir göstərmiş, Şuşanın Zaqafqaziyanın musiqi mərkəzinə çevrilməsində mühüm rol oynamışdı.
Molla İbrahimin məktəbi On doqquzuncu əsrin axırlarında Şuşada Molla İbrahim adlı bir şəxsin yaratdığı musiqi məktəbi. Bu məktəbdə özündən əvvəl fəaliyyət göstərən musiqi məktəbləri kimi dini xarakterli idi. Bura yalnız gözəl səsli, poeziyaya xüsusi həvəsi olan istedadlı gənclər seçilib götürülürdü. Məktəbdə gənclərə klassik muğamlardan dərs keçilir, fars, ərəb dilləri, dini mərasimlər öyrədilir, Hafiz, Nizami, Sədi, Xəyyam, Füzuli, Zakir, Seyid Əzim Şirvani, Tofiq, Fikrət kimi Şərq şairlərinin qəzəlləri tədris olunurdui. Qarabağın bir çox musiqi xadimləri, muğam ustaları, o cümlədən, Mehralı oğlu Bahadır, Bülbül və başqa sənətkarlar musiqi təhsilini Molla İbrahimin musiqi məktəbində almışlar. Məktəb iyirminci yüzilliyin təxminən iyirminci illərinə qədər fəaliyyətini davam etdirmişdir.
“Xanəndələr məclisi” On doqquzuncu yüzilliyin sonlarında məşhur musiqi xadimi Xarrat Qulunun vəfatından sonra (1883) böyük muğam ustası Hacı Hüsünün yaxından iştirakı ilə musiqişünas-alim Mirmöhsün Nəvvab Qarabağinin Şuşada təşkil etdiyi musiqi məclisi. Burda əsas məqsəd yeni xanəndələr nəsli yetişdirmək, xanəndəlik sənətini xalq arasında geniş yaymaq və klassik Azərbaycan muğamlarını daha da inkişaf etdirmək idi. Bəzən “Xanəndələr ittifaqı” adlandırılan bu məclis uzun illər həm də musiqi məktəbi rolunu oynamışdı. Məclisdə vaxtaşırı musiqi yarışları, muğam müsabiqələri keçirilir, gənc istedadlar üzə çıxarılırdı. Məşədi İsi, Keştezan Haşım, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev, İslam Abdullayev kimi sənətkarlar məclisin yetirmələri olmuşlar. “Xanəndələr məclisi” Azərbaycan musiqisinin və muğam sənətinin inkişafında yeni-yeni xanəndələr və musiqiçilər nəslinin yetişməsində mühüm rol oynamışdır.